25 Aprel, 2014
Yeni dövrün yeni tələbi - DİSTANT TƏHSİL

Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil də yeni forma və məzmun əldə etməyə başlayıb. Yeni texnologiyalar əsasında imkanları daha da genişlənən, müasir forma və məzmun əldə edən təhsil növlərindən biri də Distant – məsafədən təhsildir. XXI əsrdə distant təhsil dedikdə bu, təhsil alana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılması, online imtahanların götürülməsi, obyektiv və şəffaf idarəetmə modelinin tətbiq edilməsi kimi başa düşülür. Distant təhsilin tələbələr üçün bir çox üstünlükləri var. Təhsilin bu növünün ən üstün cəhəti onun əlçatan olmasıdır. Beləki, təhsil müəssisəsinin harada yerləşməsindən asılı olmayaraq, tələbənin internet və kompyuter olan hər yerdən təhsil ala bilmək imkanı olur. Distant təhsil sosial gərginliyi aradan götürməklə harada yaşamasından, maddi təminatından, yaşından, səhhətindən asılı olmayaraq insanlara bərabər təhsil almaq üçün şərait yaradır. Hər kəsə dünyanın tanınmış və yüksək kvalifikasiyalı universitetlərində təhsil almaq şansı verir. Təhsilin monitorinqinin aparılması, professor-müəllim heyəti ilə birbaşa və rahat əlaqə, tədris krediti götürən tələbələrlə internet üzərindən sıx əlaqə və qrup, komanda şəklində verilən tapşırıqların yerinə yetirilməsi mümkün olur. Tələbəyə individual tədris proqramının, tədris planının, tədris qrafikinin hazırlanmasına şərait yaradır. Fənlərin mənimsəmə ardıcıllığını gənc analar və fiziki cəhətdən qüsurlu insanlar üçün də əlçatan edir. Fənn müəlliminin kimliyindən asılı olmayaraq obyektiv və şəffaf qiymətləndirilmə aparılır. Beləliklə, distant təhsil qeyri-ənənəvi mənbələrə istinad etməklə effektivliyi, sərbəst fəaliyyəti, fərdi və yeni yaradıcılıq imkanını, müxtəlif peşəkar vərdişlərin əldə olunub möhkəmləndirilməsini, hadisə və proseslərin konseptual və riyazi modelləşdirməsi hesabına təhsildə yeni forma və metodların reallaşdırılmasına şərait yaradır.

Təhsilin inkişafına dövlət dəstəyi

Yuxarıda sadalanan bir sıra amillər nəzərə alınaraq, Azərbaycanda da distant təhsilin inkişafına dövlət dəstəyi göstərilməkdədir. Sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov bu barədə mətbuata açıqlamasında deyib ki, distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır. O, Azərbaycanda təhsil islahatlarının hələ mərhum prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə təsadüf etdiyini diqqətə çatdıraraq, 1999-cu ildə onun tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın təsdiq olunduğunu, bununla da bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanıldığını vurğulayıb: “Aparılan islahatların nəticəsi olaraq 10 il sonra ölkə Prezidenti İlham Əliyev “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı”nı təsdiq edib. Bu barədə sərəncam tədrisin təşkilində Boloniya prinsiplərini əks etdirməklə bərabər distant təhsili də əhatə edib. Sözügedən Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9-cu maddəsi məsafədən təhsilin təşkilini nəzərdə tutub. Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamıyla isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Sərəncamda Dördüncü strateji istiqamət təhsil müəssisələrində informasiya - kommunikasiya texnologiyaları əsasında təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması və digər tədbirlərlə yanaşı, distant təhsil kimi tədbirləri də əhatə eləyib. Beləliklə, distant təhsilin inkişafına dövlət dəstəyi strategiyada da öz əksini tapıb. Təhsil Qanununda da təhsilalma formalarından biri də distant təhsil kimi göstərilib. Təhsil Qanununda “distant (məsafədən) təhsil – tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram - teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması” kimi dəyərləndirilib”.

Yeni cəmiyyətin tələbi

Digər təhsil eksperti Etibar Əliyev distant təhsilin innovativ vasitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq, dünya təhsil sistemində gündəmə gələn məsələ kimi qiymətləndirib. Qeyd edib ki, Avropa və digər Qərb dövlətlərində innovativ vasitə və yeniliklər ölkəmizlə müqayisədə daha tez tətbiq olunduğundan, onlar xeyli müddət öncə distant təhsilə qədəm qoyublar: “Artıq texnoloji avadanlıqlar həyatımıza müdaxilə etdiyindən, əyani təhsil alanların əksəriyyəti kompyuter texnologiyasından faydalanaraq ona lazım olan elmi ədəbiyyat, praktiki, seminar materialları və elmi işləri əldə etməyə qadirdir. Distant təhsilə keçmək üçün müəllim və tələbə kontingenti arasında təlimlər keçirilməli, İKT geniş surətdə bölgələrdə tətbiq olunmalıdır. Azərbaycanın hər hansı bir rayonundan tələbə internet vasitəsilə dərsə qoşulmalı, sessiyada iştirak etməli, skayp vasitəsilə hər hansı bir komissiyaya imtahan verməlidir. Bu məsələyə nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Tələbə və müəllim prosesə qoşularkən yalnız mütəxəssis hazırlamaq amilini önə çəkməlidirlər. Burada qeyri-şəffaflıq və hansısa formalizmə yol vermək olmaz. Belə olduqda distant təhsil tez bir zamanda nüfuzdan salınar. Şübhəsiz, distant təhsilə keçid həddən artıq mürəkkəb prosesdir. Amma, hər halda, distant təhsil yeni cəmiyyətin tələbidir, ondan geri qalmaq olmaz”.

Təhsil verənlə alan arasında qarşılıqlı əlaqə

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz distant təhsil vəsaitlərinin bütün növ informasiya texnologiyaları-kompyuter, kompyuter şəbəkələri, multimedia, audio və video sistemlərini əhatə etdiyini bildirib. Qeyd edib ki, bu təhsil formasının əsasını proqram təminatı təşkil edir: “Proqram təminatı universitetin strukturunu, özündə informasiyaları birləşdirən verilənlər bazasını əhatə edir. Distant təhsilin əsas komponentləri təhsil verənlə alan arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompyuter vizuallığı, böyük həcmli informasiyaların arxivləşdirilməsi, məlumat axtarış sisteminin mövcudluğu və tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir. Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri də MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000 tələbəni və yüzlərlə kursu əhatə etmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları bu sistemi dəstəkləyir. Sistemdə yaramış hər hansı bir problemin həlli asanlıqla mümkündür. Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar və online konfranslar da həyata keçirmək olar. Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə istiqamətdə - ayrı-ayrı ixtisaslar və peşələr üzrə  distant təhsil kursları, distant orta təhsil, distant ali təhsil və distant əlavə təhsil, distant açıq dəsrlər və distant konfranslar vasitəsilə həyata keçirilə bilər”.

Region ali məktəbləri üçün də yeni imkanlar

Naxçıvan Muxtar Respublikasında (NMR) aparıcı ali təhsil ocağı sayılan Naxçıvan Dövlət Universitetinin  (NDU) tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid isə hesab edir ki, ölkədə, xüsusən də Naxçıvanda distant təhsilə keçidi tam reallaşdırmaq olar. O, NDU-da müasir İKT-nin tətbiqi imkanlarının 2000-ci ilə təsadüf etdiyini xatırladaraq, həmin dövrdən etibarən NMR-də bu sahədə həyata keçirilən köklü islahatlar və universitet layihələrinin sözügedən ali məktəb üçün də yeni imkanlar açdığını söyləyib: “2005-ci ildən bu günədək ardıcıl həyata keçirilən Elektron - Naxçıvan beynəlxalq konfransları həm dövlət qurumlarının, həm də xarici ali təhsil müəssisələrinin İKT-nin gözu ilə Naxçıvanı tanımasına şərait yaradıb. Dövlət və ali təhsil müəssisəsinin qarşılıqlı işbirliyi ilə həyata vəsiqə alan tədbirlər isə NDU-nun paytaxt və regional ali məktəblər arasında İKT-nin tətbiqi imkanlarına görə ilk sıralarda yer tutmasına səbəb olub. Universitetin maddi-texniki bazası elektron lövhə və proyektorla təchiz olunmuş 100-dən artıq auditoriya, 1000-dən yuxarı kompyuter avadadanlığı, Polycom kameralı auditoriyalar, Elektron kitabxana, internet portal və universitetin 110 ha ərazisini əhatə edən 10 mbt/san gücündə wi-fi simsiz internet xidməti Elektron Təhsil bazasının yaradılmasına geniş imkanlar açıb. Hazırda universitetdə müxtəlif  ixtisaslar üzrə imtahanların kompyuter vasitəsilə aparılması, bütün dərslərin, elmi-pedaqoji təcrübələrin nəticələrinin, təhsilin bütün sahələrinin mərhələ-mərhələ elektronlaşması, online dəsrlərin təşkili, magistr dissertasiyaları və diplom işlərinin elektron qəbulu və digər İKT imkanları öyrədən və öyrənən arasında düzgün münasibətlər qurulmasına gətirib çıxarıb, obyektivlik, şəffaflıq, aktuallıq, peşəkarlıq kimi prinsiplərin tədrisdə tətbiqi ilə nəticələnib”.

Naxçıvanda distant təhsilə keçid

Prorektor bildirib ki, hazırda NDU-nun Azərbaycan ali təhsil məkanında 3,5 milyon dollarlıq dəyəri və genişmiqyaslı əhatə dairəsi ilə fərqlənən, Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən “Elektron Universitet” layihəsi aparılan məqsədyönlü tədbirlərin ən uğurlu nəticəsidir. Onun sözlərinə görə, artıq NDU-nun elektronlaşması universitetə girişdən tutmuş, çıxışadək bütün proseslərin, tələbənin dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın, administrativ işlərin elektronlaşmasını əhatə edir: “Elektron Universitet layihəsi reallaşdıqdan sonra NMR rəhbərliyinin dəstəyi ilə universitetə ayrılan internetin sürətinin 100 mbt/san çatdırılacağı planlaşdırılır. Bu prosesləri distant təhsilə keçid və hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar. Çünki distant təhsil üçün tələb olunan amillərdən birincisi sürəti 100 və ya 200 mb/san olan internet, ardınca ən müasir kompyuter avadanlıqları, bu avadanlıqlardan sərbəst istifadə edən professor-müəllim heyəti və öyrənən tərəfin bütün bu prosesləri əldə etmə imkanın olmasıdır. NDU ilə bağlı sadaladığım faktlar onu deməyə əsas verir ki, NMR-də distant təhsilə keçidi tam reallaşdırmaq olar”.

Apardığımız araşdırma, həmçinin ekspertlərin söylədikləri belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda da Distant təhsilin həyata keçirilməsi imkanları genişdir. Lakin bunun üçün ilk növbədə hədəfləri bəlli edən strategiya işlənib hazırlanmalı, bu strategiyanı reallaşdıracaq kadr potensialı və vəzifələr müəyyənləşdirilməli, mükəmməl qanunvericilik bazası yaradılmalı, cəmiyyətin distant təhsilə hazırlığı önə çəkilməlidir. Bununla bağlı KİV-də geniş maarifləndirmə aparılmalı, ölkədə nümunəvi Distant Təhsil Universiteti, cəmiyyətin bütün təbəqələrinin distant dərsləri almasına şərait yaradan Distant Təhsil Televiziyası yaradılmalıdır. Paralel olaraq, tədris-metodiki vəsaitlərin və elmi ədəbiyyatların Təhsil Nazirliyi tərəfindən elektronlaşmasına nəzarət gücləndirilməlidir. Bu sahədə dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən də istifadə edilməlidir.

Elmar HÜSEYNOV,

“Simsar.az” xəbər agentliyinin redaktoru

Yazı “İnternyus-Azərbaycan”ın təşkilatçılığı və Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının dəstəyi ilə jurnalistlər arasında élan edilən “Təhsil və cəmiyyət” mövzusunda müsabiqəyə təqdim olunur.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!