10 Mart, 2011
Prezident fərman imzalayıb

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında fərman imzalayıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmanda qərara alınıb ki, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!