24 Aprel, 2014
Nazir Çanaqqala döyüşünü anma mərasimində- FOTOLAR

Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.

Simsar.az-ın verdiyi məlumata görə, 30 ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb.

Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub. Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib.

Sonda general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalayıb və Türk şəhidliyini ziyarət edib.

Müdafiə nazirinin səfəri aprelin 25-dək davam edəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!