24 Aprel, 2014
Ümumdünya Əməyin Mühafizəsi günü - Konfrans

Simsar.az xəbər verir ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar aprelin 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  «Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi»  mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb: “BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri  nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransın mövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları və belə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər, habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatla çıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlərdən söz açan F.Əlizadə iş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə riayət edilməməsindən irəli gəldiyini qeyd edib:  “Bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən  21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək  çoxdur”.  F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq barədə də məlumat verib.

Konfransda digər çıxış edənlər əməyin mühafizəsi sahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərində bu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!