22 Aprel, 2014
Tünzalə Milli Olimpiya səfiri seçildi

Əməkdar artist Tünzalə Ağayeva Milli Olimpiya səfiri seçilib

Simsar.az-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti arasında “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Proqramın əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməkdir.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirinin müavini Ceyhun Bayramov və “Coca-Cola” şirkətinin market-meneceri Qabil Əhmədov ilə yanaşı MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin, müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak edib. İmzalama mərasimi FASA proqramının 2014-cü il üçün seçilmiş yeni Milli Olimpiya səfiri, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın təqdimatı ilə başlayıb. Milli Olimpiya səfiri kimi 2013-cü ildən fəaliyyət göstərən Olimpiya çempionu Fərid Mansurov (Afina-2004) bu ictimai vəzifəsini 2014-cü ildə də davam etdirəcəyinə razılıq verib. Bundan sonra 2013-cü ildə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş uğurlar və 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı təqdim olunub.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Azərbaycanda Olimpiya hərəkatı və onun inkişaf tarixindən, həmçinin, təqdim olunan proqramın sağlam və fəal həyat tərzininin təbliğindəki əhəmiyyətli rolundan danışıb, bu kimi sosial idman layihələrinin geniş əhali kütləsinin 2014-2015-ci illərdə Bakıda keçiriləcək Avropa Oyunlarına həssaslığının artırılmasında əhəmiyyətli, vacib rol oynadığını vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!