9 Mart, 2011
Bakı metrosunda yenə problem

30 dəqiqəyə yaxın gecikmə olub

Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb. Metrodakı əməkdaşımızın verdiyi məlumata görə, bu gün saat 10.30 radələrində “Həzi Aslanov”- “Azadlıq prospekti” istiqamətində hərəkət edən qatarların hərəkətində 30 dəqiqəyə yaxın gecikmə olub.

“Xalqlar Dostluğu” stansiyasında “Azadlıq prospekti” istiqamətində hərəkət edən qatarı gözləyən əməkdaşımızın məlumatına görə, dalbadal “İçəri şəhər” istiqamətində hərəkət edən 3 qatar gəlib. Daha sonra gələn qatarın “Azadlıq prospekti” stansiyasına gedəcəyi anons edilsə də, qatar tunelə daxil olan zaman anons dəyişərək “İçəri Şəhər” stansiyası ilə əvəzlənib.

Beləliklə, “28 May” metrostansiyasında “Azadlıq prospekti” istiqamətində qatar gözləyən sərnişinlər arasında sıxlıq yaranıb. Gələn 5-ci qatar isə nəhayət “Azadlıq prospekti” istiqamətində hərəkət edib.

Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayev isə açıqlamasında bildirib ki, bu gün qatarların hərəkətində gecikmə olmayıb. Sadəcə olaraq “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar son mənzildə sərnişinləri düşürdükdən sonra, dalanda yenidən geri qayıtmaq üçün dönərkən problem yaranıb. Bu üzdən həmin qatar təmir üçün depoya göndərilib. Onun yerinə depodan gələn qatar isə “Həzi Aslanov”-“Azadlıq porspekti” stansiyası üzrə xəttə buraxılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!