18 Aprel, 2014
Əhliman Əmiraslanov kömək istədi

Azərbaycanda da belə bir kök hüceryə mərkəzinin yaradılmasının vaxtı çatıb.Simsar.az-ın məlumatına görə, bu sözləri millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov AMEA-nın 2013-cü ilin hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib. “Xahiş edərdim ki, Elmin İnkişaf Fondu, Akademiyanın imkanları daxilində belə bir mərkəzin yaradılmasını nəzərdə tutsun. Bu mərkəzdə çalışa biləcək mütəxəssislər Avropa və Türkiyənin bir çox mərkəzlərində hazırlanıb. İstanbulda 10-dan çox belə mərkəz fəaliyyət göstərir. Ona görə də, Azərbaycanda da belə mərkəzin yaradılmasına ehtiyac var”.

Ə.Əmiraslanov onu da bildirib ki, gənclərin elmə cəlb edilməsi istiqamətində də işlər aparılmalıdır: “Bu istiqamətdə uğurlu addımlar atılır. Amma gənc alimlər üçün adlı mükafatlar, qrant layihələr hazırlana bilər”. O, həmçinin bəzi institutların avadanlıqlarının müasir tələblərə cavab vermədiyini dilə gətirib: “Hörmətli akademik Ramiz Mehdiyevin də burada iştirakını nəzərə alaraq bildirmək istəyirəm ki, biologiya və tibb elmləri bölməsində fəaliyyət göstərən elə institutlar var ki, 10 illiklərdir yeni avadanlıqlar almır. Adi reaktivlərin əldə edilməsi çətin bir prosesdir. Yəqin bu problem digər institutlarda da var. Ona görə də, bu istiqamətdə də akademiyaya kömək etmək lazımdır. Yeni avadanlıqların yüksək elmi naliyyətlərdən danışmaq olmaz”.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!