7 Mart, 2011
Yaşar Nuri Bakıya qayıtdı

Sizə söz verirəm ki, tezliklə səhnədə olacağam

Dörd aydan çoxdur ki, Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri bu gün Bakıya dönüb.

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda onu çoxlu sayda pərəstişkarı, yaxınları, mətbuat nümayəndələri qarşılayıb. Sərbəst hərəkət edə bilməsə də, xalq artisti jurnalistlərə açıqlamasında özünü yaxşı hiss etdiyini deyib: “Dörd aydan çoxdur ki, Vətəndə deyiləm, çox darıxmışam. Səhhətimdə yaranan problem beynimlə bağlı idi. Beynimdə dəyişiklik yaranmışdı. Türkiyəyə çatanda beynimdə yaranan problem böyrəklərimə də təsir etdi. Böyrəklərimin funksiyası pozulmuşdu. Ona görə də dörd aydır ki, ordayam. Bu, yerişimə təsirini göstərib. Bakıya gəlib, burda mənimlə bağlı yayılan şayiələrə son qoymaq istədim”.

Yaşar Nuri hər kəsə sağlamlığının qeydinə qalmağı tövsiyə edib. O, əsas planının tezlikdə ayağa qalxmaq olduğunu deyib: “Sizə söz verirəm ki, tezliklə səhnədə olacağam. Mənə hər gün belə diqqət göstərsələr, aprelin 15-də səhnədə olacağam. 60 yaşımı ayaqda qeyd etmək istəyirəm”.

Yaşar Nuri ona göstərilən diqqətə görə Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə, Akademik Milli Dram Teatrına, Azərbaycanın İstanbuldakı Konsulluğuna, konsul Həsən Zeynalova, ona dəstək olan hər kəsə təşəkkürlərini çatdırıb.

Xalq artisti martın 10-da Akademik Milli Dram Teatrının açılış mərasimində iştirak edəcəyini də deyib.

O, 8 Mart - Qadınlar Günü münasibəti ilə bütün Azərbaycan qadınlarını da təbrik edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!