16 Aprel, 2014
Azərbaycanda 124 sahibkar cərimələndi

Bu ilin mart ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 25 müəssisənin sahibi inzibati qaydada cərimələnib.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 3 iş istintaq orqanına verilib, 5 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254 yeyinti məhsulu nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 246 nümunədən isə 11-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 193, radioloji göstəricilərinə görə isə 12 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Soyuq qəlyanaltıdan isə 10 nümunə götürülüb. Onların heç birində kənara çıxma halları qeydə alınmayıb.

Ötən ay ərzində şadlıq evlərindən 760 (4552) yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 7 (66) yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə bu ilin I rübündə Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 124 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 44 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 32 iş istintaq orqanına verilib, 40 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Ötən 3 ay ərzində şadlıq evlərindən 4552 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 66 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. I rüb ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1532 yeyinti məhsulu nümunə götürülüb, onlardan 34-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 1463 nümunədən isə 25-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 451, radioloji göstəricilərinə görə isə 78 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Bu müddət ərzində 10 soyuq qəlyanaltıdan nümunə götürülüb. Onların heç birində kənara çıxma halları qeydə alınmayıb.

Ötən 3 ay ərzində ay ərzində şadlıq evlərindən 4552 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 66 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!