16 Aprel, 2014
Bu gün Ronaldosuz “El Klassiko” var

Futbol azarkeşləri “Kral Kuboku”nun finalında növbəti “El Klassiko”nun şahidi olacaqlar

Simsar.az xəbər verir ki, əzəli rəqiblər – “Barselona” və “Real Madird” bu dəfə “Kral Kuboku”nun finalında üz-üzə gələcəklər. Ardıcıl 4-cü mövsüm İspaniya kuboku uğrunda yarışda qarşılaşacaq rəqiblərdən katalanlar statistik göstəricilərdə irəlidədirlər. Belə ki, cari mövsümdə La Liqada baş tutan iki qarşılaşmanın hər ikisi “Barça”nın qələbəsi ilə yekunlaşıb.

Eyni zamanda, “Kral klubu”nun qapısına yol tapmaq da çətin olacaq. Ançelottinin yetirmələri kubok uğrunda mübarizədə oynadığı 8 matçın heç birində top buraxmayıblar. Həmçinin, Viktor Valdesin yoxluğu da komandaya təsirsiz ötüşməyəcək. “Barselona” Valdesin yoxluğunda oynadığı 5 matçdan cəmi 2-də qələbə sevinci yaşayıb.

“Real Madrid” də matça itki ilə çıxacaq. Belə ki, Ronaldo hələ də zədəsini tam sağaltmayıb. Komandanın lideri olmadan paytaxt təmsilçisi üçün qələbə qazanmaq asan olmayacaq.

Artıq komandaların təxmini heyətləri məlumdur:

“Real Madrid”: Kasilyas, Karvahal, Pepe, Ramos, Koentrao, Modriç, Alonso, Di Mariya, Beyl, İsko, Benzema.

“Barselona”: Pinto, Alves, Bartra, Maskerano, Alba, Xavi, Buskets, İniesta, Pedro, Neymar, Messi.

Qeyd edək ki, “Barselona” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 00:30-da başlayacaq və AzTV-dən canlı yayımlanacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!