10 Aprel, 2014
Niyə Həcc ziyarətini təşkil edən başqa qurum yoxdur? - ARAŞDIRMA

Əksər müsəlman ölkələrində dövlətin nəzarətində fəaliyyət göstərən və həcc ziyarətlərini təşkil edən özəl şirkətlər var. Azərbaycanda isə Həcc yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilir. Bir vaxtlar Azərbaycanda bu sahədə özəl qurumlar fəaliyyət göstərirdi. Bəs indi başqa bir quruma ehtiyac varmı? Ümumiyyətlə, Həcc ziyarəti niyə yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir?

QMİ-nin təşkilatçılığı ilə Həcc ziyarətində olmuş hacı Samir göstərilən xidmətdən və qiymətlərdən razıdır. 2008-ci ildə özəl bir şirkətin xətti ilə Həcc ziyarətinə gedən hacı Sarvan isə düşünür ki, QMİ-dən əlavə başqa bir qurum da bu ziyarəti təşkil etsə, həm qiymətlər ucuz olar, həm də ziyarət daha yüksək səviyyədə təşkil edilər.

QMİ isə başqa fikirdədir. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, əlavə bir qurumun olması qiymətlərə təsir edə bilməz. Çünki qiymətlər Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir: “Başqa bir qurumun bu işi görməsi qiymətlərə təsir edə bilməz. Çünki burada qiymətlər standartdır və Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir. İmkanı yüksək olmayanların da bu ziyarətdə iştirakı üçün biz iki paket təklif edirik ki, bunlardan biri nisbətən ucuz olur. Həmin paketlər bir-birindən yalnız otel xidmətlərinə görə fərqlənir”.

Göstərilən xidmət haqqında da danışan Rəhimə Dadaşova: “Bu, xüsusi bir ziyarətdir. Hər hansısa gəzinti səfərindən danışmırıq. Bu işin böyük məsuliyyətləri var və hazırda belə bir məsuliyyətin öhdəsindən gələ biləcək başqa qurum yoxdur. Səudiyyə Ərəbistanı özü də bu mənada çox tələbkardır. Onlar yalnız dövlət qurumu ilə işləyirlər. Digər müsəlman ölkələrində fəaliyyət göstərən qurumlar da dövlətin nəzarətində fəaliyyət göstərirlər.
Biz zəvvarları xüsusi qruplara bölürük. Həmin qruplara ruhanilər rəhbər təyin edirik. Təzə Pir məscidində xüsusi təlimlər təşkil edirik və bu ziyarətə gedən zəvvarları həmin təlimlərə çağırırıq. Bu təlimlər ziyarət zamanı ediləcək vacib əməllər barədə olur”, - deyən QMİ rəsmisi, “Əvvəllər ziyarətin təşkili bəzi şirkətlərə tapşırılmışdı. Ancaq bu, özünü doğrultmadı. Zəvvarların bəziləri hətta vətənə qayıda bilmirdilər. Onlara həmin vaxt biz kömək etmişdik” – deyə sözlərinə əlavə etdi.

İlahiyyatçı, “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli də eyni fikirdədir: “Bütün bu işlər mərkəzləşmiş şəkildə idarə olunur. QMİ isə hazırda Azərbaycanda ən zəngin ruhani kollektivinə sahib təşkilatdır. Buna görə də, həcc ziyarətini təşkil edən yeganə qurumdur”. Bu işi görə biləcək potensiala sahib başqa bir qurumun hazırda mövcud olmadığını deyən, ilahiyyatçı, “Bu, xüsusi bir səfərdir. Təşkilatı da olduqca çətindir. Çox güman ki, bu məsuliyyəti yerinə yetirə biləcək başqa bir qurum hazırda mövcud olmadığı üçün həcc ziyarəti yalnız QMİ tərəfindən təşkil edilir”, - deyə fikrini tamamladı.

İlahiyyatçı Rövşən Məmmədov isə ziyarətin bir qurum tərəfindən təşkilinə səbəb kimi Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayca az olmasını göstərir: “Səudiyyə Ərəbistanı həcc ziyarətinə gedənlərin həqiqətən müsəlman olmasını təsdiqləyən sənəd tələb edir. Bu sənədi isə ölkənin ali dini qurumu verə bilər. Buna görə, Azərbaycanda da həcc ziyarəti QMİ-nin nəzarəti altında həyata keçirilir. O ki qaldı başqa qurumların yoxluğuna, Türkiyədə müxtəlif qurumlar var ki, Həcc ziyarətini təşkil edirlər. Ancaq onların hamısı dövlətin ali dini qurumunun nəzarəti ilə fəaliyyət göstərirlər. Türkiyədə ziyarətə tələb böyük olduğundan başqa qurumların fəaliyyəti labüddür. Azərbaycanda isə sözügedən vəziyyət aktual deyil. Tələbat artsa, yəqin ki, bu işi görən qurumlar da yaranacaq”.

Rəhimə Dadaşova isə QMİ-nin hazırkı zəvvar sayından dəfələrlə çox zəvvarın tələblərini ödəməyə qadir olduğunu dilə gətirdi.


Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!