O cəmi 23 il yaşadı. Amma bu qısa ömründə belə adını Azərbaycanın klassik musiqi mədəniyyəti tarixinə böyük hərflərlə yazdı. Onun qısa, lakin mənalı həyat yoluna nəzər salsaq, bir gəncin zəngin musiqi dünyası yaratdığının şahidi olarıq. Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi olan Asəf burada nəfəs alətləri üzrə təhsil alır. Sonralar ailəsi ilə birgə Bakıya köçür və musiqiçi təhsilini musiqi məktəbində davam etdirir.
Dünya şöhrətli bəstəkar Mstislav Rastropoviçin atası ilə violençel dərsi keçir. Daha sonra konservatoriyanı bitirərək ilk peşəkar bəstəkar adını alır. O təkcə bu adıyla yadda qalmayıb. Musiqi tariximizə bir çox yeniliklər gətirən gənc bəstəkar milli romans janrının əsasını qoyur, bu gün də sevilən neçə-neçə simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyir. Onun “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra” romansları, iri formalı “Fraqmentlər” süitası Azərbaycan simfonik konsert musiqisinin ilk nümunələri sayılır.
Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında onun böyük xidmətləri var. 70-ə yaxın xalq mahnısını nota köçürən Asəf Zeynallı elə bunun üçün Qarabağa gedir və orada xəstələnir. Bakıya qayıtdıqdan sonra isə o bir daha ayağa qalxa bilmir. Ancaq ömrünün son çağında belə ürəyi musiqi ilə döyünür.
Asəf Zeynallının həyatdan köçməsindən 82 il ötür. Bu gün Bakıda onun adını daşıyan küçə var. Neçə illər asəf zeynallının adını daşıyan musiqi texnikumu indi milli konservatoriyanın nəzdində Bakı musiqi kollecinə çevrilsə də bu gün də ölməz bəstəkarın adını daşıyır. Bu gün musiqi mədəniyyətimizin bünövrəsini qoyan sənətkarların adının əbədiləşdirilməsi onların qoyub getdikləri irsə hörmət və gələcək nəsillər üçün bir tarixi örnəkdir.