3 Mart, 2011
Son 7 ildə 2,7 mlrd. dollar

Nəqliyyat sektoruna ayrılan pullar hara xərclənir

Son 7 il ərzində Azərbaycanda 5 min km-dən artıq avtomobil yolu istifadəyə verilib.

«APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərbaycan İnvestisiya Sammiti - 2011» tədbirində çıxış edən Azərbaycan Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Azər Əliyev bildirib.

Onun sözlərinə görə, 2003-cü ildən etibarən ölkənin nəqliyyat sektoruna 2,7 mlrd. dollardan artıq sərmayə yatırılıb. Bunun 1,9 mlrd. dolları beynəlxalq təşkilatlardan cəlb olunub, 878 mln. dolları isə Azərbaycanın payına düşür: “Hazırda ölkədə bir çox avtomobil yollarında inşa işləri aparılır, bəziləri isə başa çatmaq üzrədir”.

Nəqliyyat sektorunun inkişafından danışan A.Əliyev bildirib ki, Ələt qəsəbəsi ərazisində inşa olunan dəniz limanı 2015-ci ildə 20 mln. ton yük qəbul edə biləcək. Bakı şəhərinin nəqliyyat sisteminin inkişafından söz açan nazirlik rəsmisi qeyd edib ki, 2007-ci ildən indiyədək Bakı şəhərində 11 nəqliyyat qovşağı, 21 yerüstü və yeraltı piyada keçidi, avtovağzal kompleksi və s. istifadəyə verilib.

A.Əliyev həmçinin bildirib ki, hazırda nəqliyyatın intellektual idarəetmə sistemi həyata keçirilir. Sözügedən sistem Bakı və Abşeronu əhatə edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!