2 Mart, 2011
ARDNŞ və “MakDermott Kaspian Kontraktorz, İnk.” strateji alyans yaratdılar

“Azəri”, “Çıraq” yataqlarının və “Dərinsulu Günəşli” yatağının işlənməsi çərçivəsində kontrakt üzrə işləri həyata keçirəcək

Bu gün ARDNŞ və “MakDermott İnterneyşnl İnk.” şirkətinin törəmə müəssisəsi “MakDermott Kaspian Kontraktorz İnk.” arasında Xəzər regionunda irimiqyaslı borudüzmə və dalğıc xidmətləri üzrə strateji alyansın yaradılması haqqında müqavilə imzalanıb. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni Alyans Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Dərinsulu Günəşli” yatağının (AÇG) işlənməsi çərçivəsində kontrakt üzrə işləri həyata keçirəcək. 

İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və “MakDermott Kaspian Kontraktorz, İnk.” şirkətinin prezidenti Con T. MakKormak çıxış ediblər. Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən birgə layihələrdə “MakDermott” şirkəti ilə ARDNŞ arasında effektiv əməkdaşlıq münasibəti qurulduğunu və bu müqavilənin imzalanması ilə həmin əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmin olduğunu bildirib. Con T. MakKormak rəhbərlik etdiyi şirkətin Xəzər dənizində ARDNŞ ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.

Mərasimdə qeyd olunub ki, “MakDermott” şirkətinin malik olduğu potensial ARDNŞ-nin əldə etdiyi geniş bilik və zəngin təcrübə ilə birləşərək unikal bir qüvvəyə çevriləcək və bu, “AÇG” yataqlar blokunun işlənilməsi layihəsinin uğurla inkişaf etdirilməsinə öz töhfəsini verəcək. “MakDermott İnterneyşnl İnk.” Xəzər dənizi regionunda 20 illik iş təcrübəsinə malikdir. Şirkət layihələrin idarə edilməsində, boru kəmərlərinin və sualtı obyektlərin mühəndis-layihə işlərinin aparılmasında, tikintisində, hazırlanmasında və quraşdırılmasında liderlərdən biridir. Şirkət texniki konsepsiyadan başlayaraq istismarqabağı sınaq mərhələsinə qədər stasionar və üzən dəniz istehsalat qurğuları, boru kəmərləri və sualtı sistemlər işləyib hazırlayaraq öz sifarişçilərinə təhvil verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!