2 Mart, 2011
Azərbaycanda yeni universitet yaradılır

 Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə ən müasir standartlara uyğun universitet yaratmaq fikrindədir

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev gənclərlə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, Bibiheybətdə yaradılacaq universitet yüksək səviyyəli neft mütəxəssislərinin hazırlanması ilə məşğul olacaq: “Artıq bununla bağlı Dövlət Neft Şirkəti Aberdin Universiteti və Hyuston Neft İnstitutu ilə danışıqlar aparır”.

R.Abdullayev qeyd edib ki, yaxın illərdə görüləcək işlərdən biri Bakı yaxınlığında iri neft emalı, neft-kimya və qaz-kimya komplekslərinin yaradılması olacaq: “Bu kompleks Bakıdakı iri neft emalı müəssisələrini əvəz edəcək. Kompleksin tikintisi nəticəsində 10 min yeni iş yeri açılacaq”.

ARDNŞ prezidentinin sözlərinə görə, Sumqayıtda kimya texnoparkının yaradılması nəzərdə tutulur: “Bununla bağlı dünyanın iri kimya şirkətləri ilə iş aparılır. Bunun üçün böyük ərazi ayrılıb. Burada işləyən şirkətlərə güzəştlər tətbiq olunacaq. Bu texnopark da 10 min yeni iş yerinin açılmasına səbəb olacaq. Sumqayıtda karbomid zavodunun tikintisi nəticəsində isə 3 min yeni iş yerinin açılacağı gözlənilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!