2 Mart, 2011
Səfər Əbiyev Sloveniyalı həmkarı ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Sloveniya Respublikasının müdafiə naziri xanım Lyubitsa Yelusiçinin martın 2-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazirlikdə Sloveniyalı qonağın təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib. 

Görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparan müdafiə naziri Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneçilik törədən işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir: “Bu zaman ərazilərini azad etmək üçün Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək”.

Görüş zamanı nazirlər digər mühüm məsələlər haqda da fikirlərini bölüşüblər.

Səfər zamanı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Sloveniya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!