2 Mart, 2011
Tatarıstan prezidenti İçəri Şəhərlə tanış olub

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycana rəsmi səfəri çərçivəsində İçəri Şəhərdə olub

Bu barədə Simsar.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. 
Məlumata görə, İçəri Şəhərlə tanışlığa ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası abidəsinin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə başlanılıb. Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisində yenidən təşkil olunmuş ekspozisiya cənab Minnixanovun marağına səbəb olub.
Kiçik Qala küçəsində yerləşən təndirdə qonaq təzə bişmiş təndir çörəyinin dadına baxıb.
Cənab Minnixanovun İçəri Şəhərlə tanışlığı dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə davam etdirilib, kompleksin tərkibinə daxil olan abidələr və memarlıq-inşaat xüsusiyyətləri haqqında məlumat qonağın diqqətinə çatdırılıb.

Miniatür kitab muzeyində olan qonaq daha sonra dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidinə gəlib və burada yenicə yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olub.

Qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında sərgilənən rəsm əsərlərinə baxıb, İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!