2 Mart, 2011
Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilir

Bu gün Bakıda Azərbaycan İnvestisiya Sammiti işə başlayıb.

«APA-ECONOMICS»in xəbərinə görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və «Euroconvention Conferences» şirkətinin təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək.

Azpromo-nun icraçı direktoru Adil Məmmədov jurnalistlərə bildirib ki, sammitdə dünyanın müxtəlif ölkələrindən (ABŞ, Almaniya, İngiltərə, BƏƏ, İspaniya, Fransa, Honqkonq və s.) investorlar iştirak edir: «Bunun özü Azərbaycanda xarici investorların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, ölkəmizin uğurlu investisiya məkanı kimi tanındığını göstərir. Sayı 50-dən artıq olan investorlar maliyyə, kənd təsərrüfatı, tikinti, nativ enerji sektorlarını təmsil edir. Onların əksəriyyəti Azərbaycana ilk dəfədir gəlir».

A.Məmmədovun sözlərinə görə, investorların məqsədi Azərbaycanı öyrənmək və buradakı investisiya mühiti barədə məlumat almaqdır: «Azərbaycan tərəfi onlara həm qanunvericilik, həm də biznes şəraiti haqqında geniş məlumat verəcək».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!