1 Mart, 2011
İKİ TƏHSİL QURUMUNUN QARŞIDURMASI - ABUTURİYENTLƏRİ BƏLASI

Frudin Cəlilov: “İndi test sualları tapmaca şəklindədir, amma suallar yönəldici olmalıdır”

Təhsil Nazirliyinin hazırladığı orta məktəb dərsliklərində bir çox səhvlərə rast gəlinib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı suallarla abuturiyentin oxuduğu orta məktəb kitablardakı cavablar üst üstə düşmür. Ziyanı isə elə imtahan verən abuturiyent çəkir. Nəticədə abuturiyent iki qurumun qeyri-peşəkarlağının qurbanı olur. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abaszadə ən çox səhvlərə ”Biologiya", “Botanika”, “Zoologiya” və “İnsan anatomiyası” dərsliklərində rast gəlindiyini deyib.

Keçmiş təhsil naziri Fridun Cəlilov təhsildəki hərcmərcliyin gəncliyə ağır zərbə vurduğunu düşünür: “Bugünkü təhsilin durumu məni çox narahat edir. İmtahanların test üsulu ilə keçirilməsi əslində təhsilin inkişafına xidmət etməli idi. Amma indi əksinədir. Təhsildə korrupsiya halları baş alıb gedir. Orta məktəb dərsliklərində olan səhvlər abuturiyentlər üçün narahatlıq yaratmasın deyə, Təhsil Nazirliyi və TQDK-nın bir araya gəlməsinə nə mane olur? Onlar bir araya gəlib bu məsələni həll edə bilərlər. Test suallarının bankı yaradılmalıdır ki, hər il yeni- yeni suallar meydana gəlməsin, nəticədə də abuturiyentlər əziyyət çəkməsin. İndi test sualları tapmaca şəklindədir. Amma suallar yönəldici olmalıdır. Bu sualların belə tətbiq olunması gəncliyə zərbədir. Dərsliklərin hazırlanmasında hərc-mərclik baş alıb gedir. Bunun da başında mövcud rejim dayanır. Bundan əziyyət çəkən abuturiyentlərdi. Onlar da bu məsələni bir araya toplaşaraq etiraz etməklə həll edə bilərlər”.

İki təhsil qurumunun qarşıdurmasında əziyyət çəkən abuturiyent neyləsin?

Hüquqşünas Rəsul Cəfərov abuturiyentin təhsil hüququnun pozulması kimi, məhkəməyə iddia ərizəsi ilə müraciət etmə hüququnun olduğunu deyir: “Abuturiyent yalnız məhkəmə ilə hüquq pozuntusunu aşkara çıxara, suallarla cavabların ziddiyyət təşkil etdiyini sübut edə, az bal toplamasını bu yolla aydınlıq gətirə bilər. Əgər belə bir məsələni TQDK sədri özü gündəmə gətiribsə, deməli yetərincə ciddi məsələdir və ümid edirəm ki, tezliklə öz həllini tapacaq”.

Aynurə Həsənova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!