1 Mart, 2011
AFFA klublara və futbolçulara cəza kəsdi

“Xəzər-Lənkəran”ın məşqçisi cəzalandırıldı, klub isə “İnter”in stadionunun oturacaqlarını təmir etdirəcək.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Milli.Az xəbər portalı AFFA-nın internet saytına istinadən xəbər verir ki, fevralın 25-də XIX Unibank Premyer Liqasının AZAL – “Bakı” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Fevralın 27-də XIX Unibank Premyer Liqasının “Qəbələ” – “Gəncə” oyununun 41-ci dəqiqəsində “Gəncə” klubunun futbolçusu Ramal Hüseynov hakim qərarı ilə razılaşmadığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.

Həmin gün “İnter” – “Xəzər-Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər-Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyun zamanı “Xəzər-Lənkəran” azarkeşləri yerləşdikləri sektorda oturacaqları (15 oturacaq) sındırdığı üçün “Xəzər-Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq “İnter” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Matçın 81-ci dəqiqəsində “Xəzər-Lənkəran” klubunun məşqçisi Mihai Teja texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəza alıb, klub isə 1000 manat cərimə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!