1 Mart, 2011
“Qalatasaray” “Neftçi” ilə oynamağa razılıq verdi

İstanbul klubu “Neftçi” ilə əməkdaşlıq müqaviləsini təsdiqləyib.

Türkiyənin “Qalatasaray” klubu ilə “Neftçi” arasında imzalanan ikitərəfli müqavilə İstanbul klubunun rəsmiləri tərəfindən təsdiqlənib. Simsar.az xəbər portalı “Neftçi”nin internet saytına istinadən xəbər verir ki, hər iki komandanın rəsmiləri arasında aparılan danışıqlar müsbət nəticələnmişdi. Klublar arasında əlaqələri genişləndirmək məqsədi güdən sazişdə bir çox vacib bəndlər yer alıb. İkitərəfli müqaviləyə əsasən, 2011/2012-ci ildə “Neftçi” ilə “Qalatasaray” yoldaşlıq görüşlərində qarşı-qarşıya gələcək. 

“Neftçi”nin gənc futbolçuları da bu sazişdən yararlana biləcəklər. Belə ki, flaqmanın müxtəlif yaş qruplarında yer alan istedadlı gənc futbolçuları bundan sonra Türkiyə təmsilçisinin düşərgəsində məşq edərək təcrübələrini artıra biləcəklər. “Neftçi”nin məşqçilər korpusunda yer alan mütəxəssislər də “Qalatasaray”ın məşqlərini izləmək imkanı qazanacaqlar. Həmçinin, İstanbul klubu ölkəmizdə “Qalatasaray” futbol məktəbi açmağı planlaşdırır, bunun Azərbaycanda yeganə brendi “Neftçi” PFK olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!