1 Mart, 2011
Neftin 1 dollar artması hava nəqliyyatına əlavə 1,6 mlrd. dollara başa gəlir

APA-ECONOMICS. Bu ilin yanvar ayı ərzində dünyada hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi ötən ilin yanvar ayına nisbətən 8,2%, yükdaşımanın həcmi isə 9,1% artıb.

«APA-ECONOMICS»in Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi məlumata görə, hesabat ayında sərnişindaşımaların həcmi 2010-cu ilin dekabr ayına 2,6% artıb.

«Hazırda dünya iqtisadiyyatının artımı davam edir ki, bu da hava nəqliyyatı sahəsinə müsbət təsir göstərir. Lakin hazırda biz Yaxın Şərqdə baş verən hadisələri izləyirik və bu regionda vəziyyətin qeyri-stabil olması neftin qiymətinin artmasına səbəb olub. Bizim «Brent» markalı neftə hazırkı proqnozumuz 84 ABŞ dolları/bareldir, halbuki artıq neftin qiyməti 100 dollar/bareli keçib. Neftin 1 dollar artması nəticəsində hava nəqliyyatı əlavə 1,6 mlrd. dollar həcmində xərclə üzləşir. Aviaşirkətlərin 598 mlrd. dollarlıq gəlirlərinin yalnız 9,1 mlrd. dolları mənfəət təşkil edir ki, bu da mənfəət marjasının 1,5%-i deməkdir», - deyə IATA-nın beş direktoru Covanni Bizinyani bildirib.

Cari ilin yanvar ayında sərnişindaşımanın həcmi 2009-cu ilin əvvəlində qeydə alınmış ən aşağı göstəricisindən 18% çox, 2008-ci ilin əvvəlində isə böhrandan öncə qeydə alınmış ən yüksək göstəricisindən 6% çox olub. Yükdaşımaların həcmi 2009-cu ilin sonunda qeydə alınmış ən aşağı göstəricisindən 39% çox, 2010-cu ilin may ayında müşahidə olunan ən yüksək göstəricisindən isə 2% az olub.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayı ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 37,8% artaraq 86 min nəfərə, yükdaşımanın həcmi isə 91,2% artaraq 3,8 min tona çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!