1 Mart, 2011
Bakıda 3 avtomobil qaçırılıb

Həmin maşınlardan biri ilə qəza törədilib

Fevralın 28-də Bakıda 3 avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis idarəsindən Simsar.az-a verilən məlumata görə, saat 21:10 radələrində Gənclər meydanı 1-in qarşısında Bakı şəhər sakini Elçin Mirzəliyevə məxsus «AzSamand» markalı avtomobil oğurlanıb. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini Rüfət Quluzadə B.Sərdarov küçəsi 10-un qarşısında avtomobillə birlikdə saxlanılıb.

Digər hadisə isə Binəqədi rayonu ərazisində qeydə alınıb. Rayon ərazisindəki sexlərin birində işləyən Bəhruz Əliyev həmin sexin həyətində saxlanılmış və M.Qasımova məxsus olan “Mercedes”i qaçırıb. O, daha sonra qaçırdığı avtomobili paytaxt sakini Rövşanə Əzimovanın sürdüyü “Nissan”a vurub və hadisə yerindən qaçıb. B.Əliyevin tutulması istiqamətində iş aparılır.


Günün son avtomobil qaçırılması hadisəsi Xəzər rayonu ərazisində baş verib. Buzovna qəsəbəsi ərazisində əvvəllər məhkum olunmuş Mustafa İsgəndərov Atamoğlan Axundova məxsus “Daevoo”nu qaçırıb. O, tutularaq istintaqa təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!