28 Fevral, 2011
Elektron poçt sıradan çıxır

Elektron poçt istifadəçilərinin sayı durmadan azalır.

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Pew Research Center” təşkilatının və “comScore” şirkətinin birgə araşdırmalarında qeyd olunur ki, ABŞ-da 2010-cu ilin noyabr ayında elektron poçt xidmətləri təqdim edən saytların unikal ziyarətçilərinin sayı 2009-cu ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalıb. Bu cür resurslarda keçirilən vaxt 9 faiz, baxılma sayı isə 15 faiz azalıb. Baxılma sayının azalması 53 faizlik göstərici ilə əsasən 12-17 yaş arasında olan istifadəçilərdə müşahidə olunub. 18-dən 54 yaşadək olan istifadəçilərdə bu göstərici 14-18 faizdir. Yaşlı insanlara gəldikdə isə onların arasında elektron poçt istifadəsi əksinə, 9-13 faiz artıb. 


Bundan əlavə, elektron poçtun mobil qurğulardan istifadə səviyyəsinin artımı qeydə alınıb. Bu göstərici 2009-cu ilin noyabr ayından ötən ilin noyabr ayınadək 36-40 faiz artıb. Başqa sözlə, elektron poçtun smartfon, eləcə də orta və yuxarı yaş kateqoriyasından olan istifadəçilər arasında daha geniş yayıldığını qeyd etmək olar. Bununla belə, “Pew Internet & American Life Project” layihəsinin aparıcı tədqiqatçısı Amanda Lenartın sözlərinə görə, elektron məktubların göndərilməsi artıq gündəlik iş fəallığının ayrılmaz hissəsi deyil, lakin bu istiqamətin tamamilə itməsinə hələ çox var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!