28 Fevral, 2011
Qəbul qaydalarında yenilik olmadı

Açıq tipli test tapşırıqları olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını elan edib. Simsar.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında açıqlayıb. 

Məleykə Abbaszadə deyib ki, ali məktəblərə qəbul qaydaları artıq “Abituriyent” jurnalının birinci sayında dərc olunub. Jurnalda ali təhsil müəssisələrinə, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə, hərbi liseylərə, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik təhsil - red.) qəbul proqramları verilib.

TQDK sədri bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu həmişəki kimi internet vasitəsi ilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə abituriyentin elektron ərizəsini dolduraraq müvafiq sənədləri TQDK tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər.

Məleykə Abbaszadə qəbul qaydalarında ciddi bir yenilik olmadığını da əlavə edib. O qeyd edib ki, bu il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda yeganə yenilik abituriyentlərə fənlər üzrə açıq testlər təqdim edilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, TQDK 2011-ci il qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından istifadə etməyi razılaşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!