28 Fevral, 2011
Britaniyanın baş naziri: «Liviyanın gələcəyində Qəzzafiyə yer yoxdur»
Böyük Britaniyanın baş naziri Devid Kemeron

Böyük Britaniyanın baş naziri Devid Kemeron Liviya lideri Müəmmar Qəzzafini «dərhal istefa verməyə və ölkəni tərk etməyə» çağırıb.

Simsar.az xəbər portalının «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, Kemeron dünya ictimaiyyətinin və Britaniyanın Qəzzafiyə məhz bu yolu məsləhət gördüyünü söyləyib.
«Ona qarşı tətbiq olunan sanksiyalar Qəzzafi rejiminə açıq mesajdır: Liviyanın gələcəyində Qəzzafiyə yer yoxdur», - deyə baş nazir bildirib.

Bu arada Liviya müxalifəti keçid hökuməti qurub. «Korrespondent» xəbər verir ki, hökumətə sabiq ədliyyə naziri Mustafa Mohamed Abdul Əl Celeyl rəhbərlik edir. Hökumətin digər üzvlərinin adı hələ ki, bəlli deyil. Hökumət Liviyanın böyüklüyünə görə ikinci şəhəri olan Benqazidə yerləşir.

Abdul Əl Celeyl bildirib ki, onların işi 3 ay ərzində ölkəni seçkiyə hazırlamaqdır. Artıq Liviyanın ABŞ-dakı səfiri müvəqqəti hökumətə dəstək verib.
Xatırladaq ki, Abdul Əl Celeyl fevralın 21-də ədliyyə naziri postundan istefa verib. Onun istefasına səbəb Qəzzafinin nümayişçilərə qarşı amansız davranışı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!