25 Fevral, 2011
Həkimlərin imtahan nəticələri açıqlandı

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün yanvarın 23-də keçirilən növbəti imtahanının nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Simsar -a verilən məlumata görə, imtahan stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 118 həkim iştirak edib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. İmtahan nəticələri nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Qeyd edək ki, növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə olacaq. Həkimlərin sertifikasiya prosesinə bu ilin yanvar ayından başlanılıb. Artıq nazirlik 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!