24 Fevral, 2011
Qəddafinin yaxınları arasında qaçaqaç düşüb

Diktatorun şəxsi pilotu da qaçdı

Simsar.az-ın “TV2” telekanalına istinadən verdiyi məlumata görə, Liviya hökuməti üçün işləyən Norveç vətəndaşı həyat yoldaşı və qızı ilə bir yerdə Vyanaya gedib.

Odd Birqer Yohanson Avstriya paytaxtına köçməsi barədə danışıb: “Vəziyyət son dərəcə gərgindir. Mən isə qəhrəman deyiləm, evimə qayıtmaq qərarına gəldim”.

Yohanson evə qayıdandan sonra Qəddafiyə necə işlədiyi və Liviya rəhbərinin şəxsi həyatı barədə danışacağına söz verib. Hələlik isə o, Qəddafi tərəfindən heç bir pislik görmədiyi barədə bəyanatla kifayətlənib: “Mənimlə özünü son dərəcə nəzakətli aparırdı”.

Qeyd edək ki, Liviya lideri ölkənin şərqindəki şəhərlərə nəzarəti itirib. Dünən isə Benqazidən 160 kilometr uzaqda qırıcı təyyarə yerə çırpılıb. Məlum olub ki, şəhəri bombalamaqdan imtina edən pilotlar təyyarəni qəzaya uğratmağa qərar veriblər. Onlar qəzadan əvvəl katapult ediblər. Digər məlumatda isə şəhəri bombalamaq əmrini yerinə yetirməyən pilotların təyyarəsinin raketlə vurulduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!