24 Fevral, 2011
Səudiyyə müxalifətinin 12 tələbi

Ötən gün Səudiyyə Ərəbistanının kralı Abdulla 3 aylıq ayrılıqdan sonra ölkəsinə dönərək, tələbələrinin güzəranının yaxşılaşdırılması, iqtisadiyyatda islahatların aparılması məqsədi ilə fərman verib.

Xatırladaq ki, ötən ilin noyabrında şeyx Abdulla səhhətində yaranmış problemlər səbəbindən, müalicə olunmaq üçün ABŞ-a səfər etmişdi.

Dövlət televiziyasının məlumatına əsasən, fərman sadə vətəndaşların mənzillə təmin olunmasını, subayların ailə qurması və ticarətə başlamasını, eləcə də çeşidli layihələrə sərmayə qoyuluşuna milyardlarla dollar ayrılmasını nəzərdə tutur.

Kralın neftdən gələn gəlirləri ölkədə sakitliyi yaratmağa belə əliaçıqlıqla sərf etməsi Səudiyyə müxalifətin üsyan çağırışı fonunda baş verib. Son günlər internetdə və sosial şəbəkələrdə Səudiyyə Ərəbistanındakı mövcud rejimə qarşı kütləvi nümayişin keçirilməsi ilə bağlı çağırış edilir. Həmin çağırışlara görə, bu il martın 11-də, cümə namazından sonra hakimiyyət əleyhinə, «qəzəb günü» mitinqləri keçiriləcəyi gözlənilir.

Müxalifət rejim qarşısında 12 tələb irəli sürüb. Onların arasında konstitusiyalı monarxiyanın yaradılması, vətəndaşların hər cür təhdid edilməsinə son verilməsi, habelə neftdən gələn gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi kimi tələblər də var.

Qeyd edək ki, Küveyt əmiri də bir sıra sosial layihələrin gerçəkləşdirilməsi məqsədi ilə 10 milyard dollar ayrılmasına dair fərman verib.

Kralın xəstəliyi və onun yenidən Səudiyyə Ərəbistanına qayıdışı ölkədəki durumun beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağını düşünməyə əsas verir.

Bunu nəzərə alaraq, ehtimal etmək olar ki, yaxın aylarda Səudiyyə Ərəbistanında kral dəyişikliyinin olacağı da istisna edilmir. Bu isə İsrailə münasibətdə, eləcə də Yaxın Şərqdə yeni «siyasi» xəttin yürüdülməsi ilə müşahidə oluna bilər. Xatırladaq ki, İordaniya monarxı mərhum kral Hüseyndən sonra hakimiyyətə gəlmiş ikinci Abdulla atasında qalma xarici siyasətdə dəyişiklik etdi. Hətta onu bir sıra şərhçilər «islahatçı kral» da adlandırırdılar.

Səudiyyə Ərəbistanında monarx dəyişikliyi gerçəkləşərsə, o zaman ölkənin İrana münasibətdə daha sərt davranacağı gözləniləndir.

Saraya yaxın olanların və müxaliflərin çıxışlarından da bunu hiss etmək mümkündür. Bir müddət öncə səudiyyə şahzadəsi, ölkənin ABŞ və Britaniyadakı keçmiş səfiri, hazırda kral Faysal adına İslam araşdırma mərkəzinə başçılıq edən Türk əl-Faysal bildirmişdi ki, ərəb dövlətləri arasında birliyin olmaması İranın «əlinə oynayır» və bu ölkə yavaş-yavaş Yaxın Şərqdə öz təsirini gücləndirir. Onun sözlərinə görə, İranın «polad caynaqları» «kağız pələng»ə oxşayır: «O, ərəb dövlətlərinin zəifləməsi hesabına bölgədə təsirini artırır».

Səudiyyə Ərəbistanının islahatçı dairələrinin təmsilçisi doktor Möhsün əl-Auaci Almaniyanın «Der Spiegel» mətbu orqanına müsahibəsində bildirmişdi ki, İslam Respublikasının atom-nüvə proqramının həllində başqa yol olmazsa, İsrail «İranın nüvə obyektlərini bombalamalıdır».

Onun sözlərinə görə, İsrail məsələsi öz sərhədi daxilindədirsə, «İran problemi ümumdünya xarakterlidir». Qeyd edək ki, doktor Möhsün əl-Auaci Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid etdiyinə görə iki dəfə həbs olunub.

Səudiyyə Ərəbistanında da etiraz çıxışları baş verməsi, inqilab «qığılcımlarının» İran İslam Respublikasına yaxınlaşması deməkdir. Ümumiyyətlə, Afrikanın Şimalında baş verənlər həm də Tehran hakimiyyətini dəstəkləyə biləcək potensial qüvvələrin sıradan çıxarılmasıdır. Qeyd edək ki, bunlardan biri Liviya lideri Müəmmər Qəddafi idi. İran-İraq savaşında o, İslam Respublikasına yardım etmişdi. Səudiyyə Ərəbistanının kralı Qərblə müttəfiq olsa da onun ölkəsindən bir sıra terrorçu qrupların maliyyələşdiyi ehtimalı həmişə aktual olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!