13 Yanvar, 2014
Kasıblar televizora baxa biləcəkmi? - ARAŞDIRMA

Ölkə ərazisində rəqəmsal yayıma keçidlə bağlı işlər görülməkdə davam edir. Bu ilin əvvəlində isə 84 xarici telekanal ödənişli formada təqdim olunmağa başlandı. Aylıq 9 AZN ödəməklə yerli telekanallarla yanaşı xarici televiziya kanallarına da baxmaq mümkündür.

Bəs, görəsən, əhalinin hansı hissəsi bu pulu ödəməkdə maraqlıdır? Aztəminatlı ailələrə güzəştlər olacaqmı?

Araşdırmamıza televiziya tamaşaçıları arasında apardığımız sorğu ilə başladıq. Rəyi soruşunlanların bir hissəsi 9 AZN ödəniş etməkdə maraqlı olduqlarını desələr də, digərləri yerli telekanallara baxmağın onlara kifayət etdiklərini bildirdilər. Bir qisim respondent isə çanaq antena ilə türk və rus kanallarına baxdığını və televizora baxmaq üçün əlavə ödəniş etməyəcəyini dilə gətirdi.

Aydın məsələdir ki, əhalinin aztəminatlı təbəqəsi 9 AZN-i başqa ehtiyaclarına sərf etmək niyyətindədir. Bu cür ailələrə hansısa istisnaların və güzəştlərin edilib-edilməyəcəyi haqda maraqlandıq. Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən verilən məlumata görə, ölkədə analoq yayım tamamilə dayandırıldıqdan sonra belə bir güzəşt nəzərdə tutulmasa da, onların qəbuledici qurğularla pulsuz təchizatı gündəmdədir. “Hazırda ölkədə rəqəmsal yayıma tam keçidlə bağlı işlər görülür. Əhalinin bir hissəsi hazırda rəqəmsal yayım izləyicisidir. O ki qaldı aztəminatlı ailələrə, analoq yayım dayandırıldıqdan sonra əhalinin qəbuledici qurğularla pulsuz təchizatı nəzərdə tutulub. Aylıq ödənişlərlə bağlı hər hansısa bir göstəriş verilməyib”, - deyən nazirlik nümayəndəsi, hazırda əhalinin siyahısının hazırlandığını və bu sahədə işlərin davam etdiyini qeyd edib.

Ölkədə çanaq antenaların yığışdırılması isə, hələ ki, müzakirə olunmur. Televiziya və Radio Şurasından aldığımız xəbərdə bunun insanların sərbəst seçimi  olduğu və çanaq antenaların yığışdırılmasının gündəmdə olmadığı deyilib.

Qeyd edək ki, hazırda 10 telekanal ödənişsiz rəqəmsal fəaliyyətdədir.

Vüsal Məmmədzadə

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!