23 Fevral, 2011
“Paramount Group” “Mbombe” döyüş maşınını Azərbaycan nümayəndə heyətinə təqdim edib

«Paramount Group» şirkətinin ən son texnologiyası olan «Mbombe» minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində keçirilən İDEX-2011 beynəlxalq müdafiə sərgisində böyük marağa səbəb olub.

APA-nın Abu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, BƏƏ-nin «İnternational Golden Group» şirkətinin stendində sərgilənən bu döyüş maşını körfəz ölkələrindən və dünyanın müxtəlif bölgələrindən gələn hərbçilərin xüsusi marağı ilə qarşılanıb.

Ən son texnologiyalara əsaslanan «Mbombe» döyüş maşını ənənəvi «V» gövdəli MRAP-lardan fərqli olaraq düz gövdəyə malikdir. Yüksək ballistikaya malik olan 6x6 təkər formullu «Mbombe» mina partlayışlarında şəxsi heyəti qəlpələrdən və partlayışın təsirindən güclü müdafiə edir.

Fevralın 21-də döyüş maşınının ilk təqdimatı Azərbaycan nümayəndə heyəti üçün keçirilib. Fevralın 22-də isə bir sıra xarici ölkə ordularının nümayəndələri üçün nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri barədə brifinqlər verilib.

Sərgiyə «Paramount Group» şirkətinin prezidenti İvor İçikovitz başda olmaqla şirkətin geniş nümayəndə heyəti qatılıb. Sərgi çərçivəsində «Paramount Group» şirkətinin prezidenti ilə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun görüşü olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!