23 Fevral, 2011
Aztəminatlı ailələrə evlər tikiləcək?

“Sovet dövründə dövlət tərəfindən evlərin verilməsi məsələsi var idi.

Amma təbii ki, cəmiyyət, quruluş dəyişdiyi və bazar iqtisadiyyatına keçdiyimiz üçün vəziyyət tamamilə dəyişib”. Bu barədə  açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, bütün bunlarla bərabər bugün müxtəlif kateqoriyadan olan insanlara dövlətin çox böyük diqqəti var. Onun sözlərinə görə, belə insanlar hər zaman olduğu kimi, bugün də dövlətin diqqət və qayğısını görür.

“Bu öz yerində və bütün bunlara görə dövlətə minnətdarıq. Ancaq bu gün aztəminatlı ailələr, yeni ailə quranlar, gənc mütəxəssislər var ki, onların mənzil problemi günün əsas, vacib məsələləri kimi qarşımızda durur. Daim seçicilərlə keçirdiyimiz görüşlərdə iştirak edən 60 nəfərin yarısı ev problemi haqqında danışır. Amma gəlin etiraf edək ki, bununla bağlı proqram olmazsa, Nazirlər Kabineti buna büdcədən xüsusi vəsait ayırmazsa, bunu büdcədən həyata kçirmək mümkün deyil. Bu haqda Milli Məclis səviyyəsində söhbətlər gedir. Düşünürük ki, Nazirlər Kabinetinin mart ayındakı hesabatında bu haqda məsələ qaldırılacaq. Biz istərdik ki, bunlar dövlət, hökumət tərəfindən büdcədən maliyyələşdirilsin, daha çox tələbat olan rayonlarda bu qəbildən olan insanlar üçün güzəştli şərtlərlə həyata keçirilsin”.

Millət vəkili vurğulayıb ki, 2 il öncə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatında bununla bağlı məsələ irəli sürmüşdü. Sonrakı illərdə də millət vəkilləri tərəfindən bu istiqamətdə fikirlərin səsləndirildiyini deyən J.Əliyeva qeyd edib ki, bu gün də o fikirdəyik ki, uzun müddətli ipoteka və ya güzəştli şərtlərlə yeni ailə quranları, aztəminatlı ailələri evlə təmin etmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!