28 Dekabr, 2013
“HTC” menecerləri ittiham olunur

Simsar.az xəbər verir ki, cari ilin avqustunda “HTC” şirkətinin bir neçə əməkdaşı “HTC Sence 6.0” smartfon modelində istifadə edilməsi nəzərdə tutulan texnologiyaların Çin tərəfinə satılmasında şübhəli bilinərək həbs olunub.

Həbs olunanlardan üçü şirkətdə əsas vəzifələri tutan top-menecerlərdir. Bunlar məhsulların dizaynı üzrə vitse-prezident Tomas Çien Çi-lin, tədqiqat və işləmələr üzrə direktor Vu Çien-Hunq, dizayner şöbəsinin rəhbəri Castin Huanqdır.

Yuxarıda adı qeyd olunan şəxslər Çində “Jade” dizayner şirkətini qeydiyyatdan keçirərək ilk yarım il üçün haqlarını gözləməklə “HTC”-ni tərk etmək və öz biznesləri ilə məşğul olmaq niyyətində olublar.

Tayvan KİV-nin məlumatına görə, cümə günü prokuror Çien Çi-linə və onunla əlbir olan şəxslərə qarşı məxfi məlumatların Çinin adı açıqlanmayan istehsalçılarına satmasına görə rəsmən ittiham irəli sürüb. Bundan başqa, o xərclərə dair sənədləri saxtalaşdırmaqla 33,56 milyon yeni Tayvan dollarının (1,16 milyon ABŞ dolları) oğurlanmasında ittiham edilir.

Çien Çi-lin və onunla əlbir olan şəxslərin “HTC” şirkətinə ciddi ziyan vurması, onun törətdiyi əməldən peşman olmaması ilə əlaqədar olaraq prokuror ittiham olunan şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Aynur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!