22 Fevral, 2011
BAŞ PSİXİATR SİMSAR.AZ-IN TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏDİ

BAŞ PSİXİATR KRİMİNAL XƏBƏRLƏRİN YAYILMASINA QARŞIDIR

Simsar.az saytı yanvarın 29-dan etibarən kriminal xəbərlərə məhdudiyyət qoyduğunu bəyan edib. Tez- tez eşitdiyimiz ölüm-itim xəbərləri demək olar ki, sayta yerləşdirilmir. Ona görə ki, hər gün müxtəlif səpkili, xeyli sayda kriminal xarakterli informasiyalar oxuyuruq. Bu, tendensiya artan xətlə davam edir. Nəticədə intihar edənlərin, qatar altında qalanların, qəzaya düşənlərin, qətl hadisəsi törədənlərin sayı azalmır, əksinə, artır. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adiləşir. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil.

Öyrəndiyimiz psixoloq rəyi də qənaətimizdə haqlı olduğumuzu göstərir. Psixoloq Elnur Rüstəmov saytın bu təşəbbüsünü dəstəklədiyini və və bu təşəbbüsə bütün informasiya agentlikləri, qəzetlər, xəbər prortalları, televiziya və radionun qoşulmasının müsbət təsiri olacağını bildirib. Psixoloq həmçinin kriminal xarakterli xəbərlərin insanlara pis təsir etdiyini də vurğulayıb.

Təşəbbüsümüzə Mənəvi Dünya İctimai Birliyinini sədri Hacı Şahin də dəstək verib. O, kriminal xəbərlərin hər bir evə daxil olmasının mənfi hal kimi dəyərləndirib və bunun insan psixologiyasına mənfi təsir etdiyini əlavə edib.

Simsar.az saytının kriminal xəbərlərin yayımına məhdudiyyət qoyulması təklifini bir çox KİV rəhbərləri də dəstəkləyib. Təşəbbüsə qarşı çıxanlar isə kriminal xəbərlərin ictimaiəyyətin marağında olmasını əsas gətiriblər.

Bu gün Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli Trend-ə bildirib ki, telekanallarda intiharlarla bağlı video, foto görüntülərin və məlumatların yayılması şəxsiyyəti tam formalaşmamış insanlara impuls kimi təsir edə bilər. Baş psixiatr hesab edir ki, bu görüntülərin və xəbərlərin yayılması yeni intiharlara səbəb ola bilər. G.Gəraybəylinin sözlərinə görə, elə insanlar var ki, xüsusən də gənclər, dərin kompleks hissi keçirir, özlərini tam realizə olunmamış şəxslər hesab edir. Onlar özlərini heç bir sahədə tapa bilməyəndə, cəmiyyətdəki yerlərini müəyyən edə bilməyəndə sıxılır, gərginlik keçirirlər: "Bu kompleks hər kəsdə ola bilər. Amma sonra insan özünü idmanda, ailədə ailə başçısı kimi, dost kimi tapır. Bəzən insan hec bir sahədə özünü tapa bilmir. Ola bilsin ki, onun şəxsiyyətində, tərbiyəsində, ailəsində hansısa problem, qüsur var. Bu səbəbdən də onlar daim sıxılır, gərginlik keçirir və belələrinə bu məlumatlar təkanverici təsir göstərə bilər. Belə şəxslərdə daim özlərinə diqqəti cəlb etmək, hər kəsin onlar barədə danışması istəyi olur. Bu zaman özünə qəsd etməklə diqqəti özlərinə yönəltmək istəyirlər və bu məlumatlar onların istəklərini gerçəkləşdirməsi üçün təkan rolunu oynaya bilər".

Baş psixiator bu səbəbdən də intiharlarla bağlı video və foto görüntülərin, məlumatların yayılması zamanı diqqətli olmağı və belə məlumatlara çox yer verməməyi məsləhət görür.

Baş psixiatrın fikirlərindən bir daha aydın olur ki, Simsar.az saytı mövqeyində haqlıdır.
G.Gəraybəylinin açıqlamasına KİV rəhbərlərinin fikrlərini öyrəndik.

“KİV özləri özlərinə çərçivə qoya bilərlər”

Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu baş psixiatrın dediklərini doğru hesab etsə də, xəbərə senzura qoyulmasının əleyhinədir:

-Bu açıqlama yeni fikir deyil. Tək intihar və bu tipli xəbərlər yox, psixikası zəif olan insana digər xəbərlər də mənfi təsir edə bilər. Hər bir halda xəbərə senzura qoyulmasının əleyhinəyəm. Bu təşəbbüs hamı tərəfindən olsa yaxşı olar. KİV-in işi cəmiyyəti nə mülicə etmək, nə də sarsıtmaqdır. Jurnalistin üzərinə düşən iş xəbəri yaymaq və insanları maarifləndirməkdir.

“Kriminal xəbərlərin üstünlük təşkil etməsində məqsəd fikri yayındırmaqdır”

"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı hər kəsin istənilən xəbər haqqında məlumat almasının vacibliyini vurğulayır:

- Hər bir vətəndaşın informasiya almaq hüququ var. Hadisə baş veribsə, bunu mütləq işıqlandırmaq lazımdır. Razıyam ki, kriminal xəbərələr sosial xəbərlərdən üstünlük təşkil edir. Məqsəd fikri yayındırmaqdır. Əgər kriminal xəbərlər sosial xəbərləri üstələyirsə, deməli, burda başqa problem var. Psixikası zəif olan insana hər şey mənfi təsir edə bilər. Bu baxımdan psixiatr ancaq xəstələri müalicə edə və bu istiqamətdə danışa bilər.

“Kriminal xəbərlər insanda xoş təəssüart yaratmır”

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı respublikanın baş psixiatrına haqq qazandırsa da, insanların informasiyasız qalmasının əleyhinədir:

-Psixiatrın açıqlamasını şərh etmək çətindir. O, bunu tibbi cəhətdən izah edib. Təbii ki, kriminal xəbərlər insanda xoş təəssürat yaratmır. Psixiatr bəlkə də haqlıdır. Amma bu kriminal xəbərlərin yasaqlanması üçün əsas deyil. Hər bir insanın kriminal xəbər haqqında məlumat alma hüququ var. Hər hansı bir cinayət hadisəsi olursa, insanlar bunu kimin törətdiyini, necə baş verdiyini bilməlidir. Belə xəbər bir növ maarifləndirmə xarakteri daşıyır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmliylə dəfələrlə əlaqə saxlamağa cəhd görsətdik, ancaq telefon zənglərinə cavab verilmədi.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!