22 Fevral, 2011
UEFA Qattuzonu ağır cəzalandırdı

UEFA Nizam-İntizam Komitəsi İtaliyanın “Milan” klubunun futbolçusu Cennaro Qattuzonu 4 oyunluq diskvalifikasiya edib.

Simsar.az-ın məlumatına görə, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Qattuzonun İngiltərə “Tottenhem”inin baş məşqçi köməkçisi Co Cordana kəllə atması səbəb olub. 

Amma “Milan”ın kapitanı 4 yox, 5 oyunu buraxacaq. Çünki o, “Tottenhem”lə ilk görüşdə növbəti sarı vərəqə alaraq, cavab oyunu üçün cəzalı duruma düşüb. Bu isə o deməkdir ki, Qattuzo yalnız final matçında oynaya biləcək. Lakin bunun üçün “rossonyerlər” təkcə İngiltərə komandasını yox, ¼ final və yarımfinal mərhələlərindəki rəqiblərini də üstələməlidirlər. UEFA-nın apellyasiya üçün 3 gün vaxt təyin etməsinə baxmayaraq, “Milan” rəhbərliyi qərara etiraz etməyəcək.

Qeyd edək ki, fevralın 15-də keçirilmiş “Milan” – “Tottenhem” matçında Cennaro Qattuzo özünü əsəbi aparıb. 31 yaşlı yarımmüdafiəçi kobud sürüşmə fəndinə görə sarı vərəqə alıb. Sonra o, etdiyi hərəkətə etirazını bildirən “Tottenhem”in məşqçisi ilə münaqişəyə girib. Qattuzo Cordanın boğazından yapışıb. Hakim bu epizodu keçib və futbolçuya sarı vərəqə də göstərməyib. “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmadan sonra isə Qattuzo yenidən məşqçiyə hücum çəkib və sifətinə kəllə atıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!