22 Fevral, 2011
Möhlət Müslümov İranda yenidən ustad dərsləri keçəcək

Azərbaycanın xalq artisti, tarzən Möhlət Müslümov İranda ustad dərsləri keçəcək.

M.Müslümovun APA-ya verdiyi məlumata görə, sözügedən ölkədə ilk ustad dərsləri deyil. Lakin gələn ay Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalı və Novruz bayramı ilə əlaqədar olaraq tarzən bu səfərini bir az gec həyata keçirmək niyyətindədir: “Ustad dərslərini fevralın 1-nə planlaşdırmışdıq. Ancaq dərslərin vaxtını dəyişdim. Çünki rəhbərlik etdiyim Əhməd Bakıxanov adına ansambl 10 müğənnini müşayiət edəcək. Artıq həmin konsertlərin məşqləri də başlayıb. Buna görə hələ İrandakı ustad dərslərinin vaxtını dəqiq təyin edə bilməmişəm. Hesab edirəm ki, təxminən Novruz bayramından sonra gedə bilərəm”.

Möhlət Müslümov yaz aylarında yeni diski üzərində işləməyə də başlayacaq. Diskə özü ilə yanaşı, oğlu - tarzən Rüstəmin də solo ifasını daxil etmək fikrindədir: “Rüstəm mənimlə birlikdə konsertlərdə çıxış edib. İstəyirəm yeni diskə onun da ifasında olan mahnıları daxil edim. Yəni diskdə həm onun, həm də mənim solo ifalarım yer alsın”.

Xalq artisti bir ay öncə Azərbaycan Milli Konservatoriyasında professor vəzifəsinə keçdiyini də bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!