22 Fevral, 2011
Salih istefa vermir

Yəməndə din xadimləri hərəkətə keçdilər.

Yəmən prezidenti Əli Abdulla Salih fevralın ilk günlərindən başlayaraq, postundan istefa verməsi tələbi ilə ölkədə keçirilən aksiyalara münasibət bildirib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Əli Abdulla Salih prezident postunu tərk etməyəcəyini bəyan edib və keçirilən aksiyaları təxribat kimi dəyərləndirib.

Bundan əvvəl özünün və oğlunun növbəti seçkilərdə prezidentliyə namizəd olmayacağını bildirən Əli Abdulla Salih müxalifətlə danışıqlara hazır olduğunu bir daha söyləyib. Prezident hərbçilərə yalnız özlərini müdafiə etmələri gərək olduğu halda atəş açmağa icazə verib.

Yəməndə din xadimləri də artıq hərəkətə keçib. Nüfuzlu din xadimi Şeyx Əbdülməcid Zendaninin rəhbərliyi altında toplaşan sünni və zeydi üləmaları adından yayılan bəyanatda aksiyaçılara qarşı güc tətbiqinin cinayət olduğunu qeyd edilir. Aksiyaçıların güc strukturlarının əməkdaşlarını öldürməmələri də tövsiyə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!