22 Fevral, 2011
Məkkədə 500 yeni mehmanxana inşa ediləcək

Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkədə Kəbənin ətrafında sözügedən tikinti işləri ilə bağlı lisenziyanın verildiyini açıqlayıb.

Simsar.az xəbər portalı "Azerimuslims"ə istinadən bildirir ki, krallıq rəsmiləri Məkkə şəhərində Kəbənin ətrafındakı ərazilərdə 500 yeni mehmanxananın inşası ilə bağlı lisenziyanın verilməsi haqda yayılan məlumatları təsdiqləyiblər. “Əş-Şərq əl-Övsət” qəzeti sözügedən mehmanxanalardan birinin 5 min otaqdan ibarət olacağını yazıb.

Qəzetin xəbərində Məkkə Ticarət və Sənaye Bürosu Həcc və Ümrə Xidmətləri komitəsiin sədri Səid əl-Qureyşi hazırda Məkkənin ən böyük mehmanxanasındakı otaqların sayının mindən çox olmadığını deyib.
“Hazırda Məkkədəki ən böyük mehmanxanadakı otaqların sayı mindən azdır. Yeni mehmanxanaların əksəriyyətində isə otaqların sayı qeyd edilən rəqəmdən artıq olacaqdır. Hətta, yeni inşa ediləcək mehmanxanalardan birinin 5 min otaqlı olması nəzərdə tutulur”, - deyə əl-Qureyşi müsahibəsində bildirib.

İqtisadçılar yeni mehmanxanaların istifadəyə verilməsindən sonra krallığın həcc və ümrə mövsümündəki gəlirlərinin 27 milyard dollardan çox olacağını proqnozlaşdırırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!