19 Dekabr, 2013
Avropa 5G-yə hazırlaşır

Avropa Komissiyası regionda yüksəksürətli beşinci nəsil rabitənin (5G) qurulmasına imkan verəcək tədqiqat və işləmələrə 700 milyon avro investisiya yatırmaq niyyətindədir. Simsar.az xəbər verir ki, Rabitə və informasiya texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, bu məqsədlə “5G Public-Private Partnership Association” (5GPPP) Assosiasiyası yaradılıb.

Avropa İttifaqı nümayəndələri hesab edirlər ki, “5G”-nin tətbiqi layihəsi Avropa və dünyada telekommunikasiyanın inkişafının lokomotivi rolunda çıxış etməklə hətta rəqəmli televiziyaya alternativ ola bilər.

Qeyd edək ki, bu yaxınlarda bir sıra istehsalçılar, o cümlədən Çinin "Huawei” şirkəti “5G” şəbəkəsinə 600 milyon dollar investisiya qoymaq niyyətində olduğunu bildirib. Çin istehsalçısı bu şəbəkələrdə təkcə məsafəni deyil, həm də siqnalların ötürülmə sürətini artırmaq niyyətindədir.

Bundan başqa, “Samsung” şirkəti “5G” şəbəkəsi üçün avadanlıq prototiplərinin sınaqlarını uğurla həyata keçirib. Burada məlumatların ötürülmə sürəti saniyədə on giqabit ola bilər ki, bu da “LTE” standartı ilə müqayisədə yüz dəfə çoxdur.

“5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bu şəbəkənin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq. Məhz bu planlar “Alcatel-Lucent”, “Ericsson”, “France Telecom”, “Huawei”, “Intel”, “Nokia Solutions and Networks” və “Telecom Italia” kimi şirkətlərin daxil olduğu “5GPPP” təşkilatının layihəsində yer alıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!