21 Fevral, 2011
İKİ DÖVLƏT QURUMİ BİR-BİRİNİN PAXIRINI AÇIR

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sədri Vaqif Novruzov Ekologiya Nazirliyini korrupsiyada ittiham edir, nazirlik isə onu “gülməli”, “yazıq” adlandırır

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi
ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında yaşanan ittihamlar məhkəmə müstəvisinə çıxıb.
Nazirlik Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı şikayətləri araşdırıb və qurumu cərimə edib. bundan sonra qurumun rəhbərliyi Nazirliyi bəzi məsələlərdə ittiham edib. Birliyin sədri Vaqif Novruzov mətbuata açıqlamasında ETSN-ni Rusiyadan bahalı Qovaq tingləri almaqda ittiham etib. V.Novruzova görə, qonşu ölkələrdən alınan bu ağacların qiymətləri şişirdilməklə yanaşı həmin bitgilər özlərilə ölkəmizə müxtəlif xəstəliklər də gətirirlər.
V.Novruzovun bu ittihamlarına ETSN-nin cavab özünü çox gözlətmədi. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya müsahibəsində bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi ETSN-nin ünvanına böhtan, şər və yalan xarakterli ittihamlar səsləndirildiyinə görə məhkəməyə veriləcək.
İ.İbrahimova bildirib ki, Bakıda təqribən 12 min hektarlıq yaşıllıq ərazisi üçün ayrılan vəsait, bütövlükdə Azərbaycanın 1,2 milyon hektarlıq meşə fonduna ayrılmış vəsaitdən külli miqdarda artıqdır. Bu qədər vəsaitin müqabilində Birliyin xaricdən baha qiymətə alıb gətirdiyi ağacların aqibəti də göz önündədir.
Mətbuat xidmətinin rəhbəri nazirliyin Rusiyadan bahalı Qovaq tingləri alması ittihamına münasibəti daha sərt olub: «Düzü, bu iddianın Bakı şəhərinin bilavasitə “yaşıllaşdırılmasını” həyata keçirməli olan, özü də biologiya elmləri namizədi kimi alimlik dərəcəsinə malik rəsmi qurumun rəhbəri tərəfindən irəli sürülməsi bizdə gülüş hissi doğurur. Birincisi, əgər bu şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanından Mərdəkana gedən yolda əkilmiş 50-60 ədəd Şərq çinarını (xan çinarı da deyilir) nəzərdə tutursa, yazıq ona ki, qovaqla Şərq çinarı ağacının fərqini bilmir, amma Bakı şəhərinin yaşıllaşdırılmasına rəhbərlik edir. İkincisi, bu ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə alıb, nə də əkib. Bu həmin yolda yenidənqurma işləri ilə əlaqədar aparılan abadlaşdırma prosesində şirkətlər tərəfindən əkilib».
İ.İbrahimovanın sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günədək Rusiyadan nəinki qovaq, heç bir ağac növü almayıb. Bakıda aparılan yaşıllaşdırma işlərində, ümumiyyətlə, qovaq ağacından istifadə etməyib.

«Bəs onda Birliyin direktoru niyə belə açıqlamalar verib» sualına cavab olaraq İ.İbrahimova qeyd edib ki, belə yalan iddianın hansı məqsədə xidmət etdiyini o, özü yaxşı bilər: «Görünür, bu, onun ETSN tərəfindən cərimə olunduğu üçün qisas hissindən irəli gələn reaksiyasıdır. Görülən tədbirlərə, cərimələrə rəğmən fəaliyyətini düzgün istiqamətdə qurmaq əvəzinə ayrı-ayrı qəzetlərdə böhtan xarakterli yazılar dərc etdirir. Əgər Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi xidməti ərazilərindəki ağaclara xidmət olunması və kəsilməsini Nazirlər Kabinetinin 173 saylı Qərarına uyğun icra etsəydi, onda ETSN tərəfindən onlara qarşı cərimə sanksiyaları tətbiq edilməzdi».



RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!