21 Fevral, 2011
161 həkimə sertifikat verildi

Oqtay Şirəliyev imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat alan həkimləri daha məsuliyyətli olmağa çağırıb

Səhiyyə Nazirliyində praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesindən keçmiş 161 mütəxəssisin ilk sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, mərasimdə nazir nazir Oqtay Şirəliyev də çıxış edib. O qeyd edib ki, sertifikasiya prosesinin şəffaflığı heç kimdə şübhə doğurmur: “İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni əsirgəmədik və həkimlər də şükürlər olsun ki, bu etimadı doğruldurlar”.

Oqtay Şirəliyev bu etimadın doğruldulması üçün hər kəsi əlindən gələni etməyə çağırıb. Səhiyyəyə dövlət qayğısından danışan nazir ortada olan bəzi boşluqlar və nöqsanları da qeyd edib. Onun sözlərinə görə, nöqsanların aradan qaldırılması məqsədilə ölkə başçısının korrupsiyaya qarşı mübarizəyə dair tapşırıqları yerlərdə icra olunur.

Nazir çıxışının sonunda tibb işçiləri üçün keçirilən imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat alan həkimləri təbrik edib. Oqtay Şirəliyev deyib ki, bundan sonra sertifikat alan həkimlərin üzərinə daha böyük məsuliyyət düşür və onlar işlərinə tam məsuliyyətlə yanaşmalıdırlar.

Mərasimin sonunda simvolik olaraq ən yüksək bal (mümkün 100 bal) toplamış həkim-mütəxəssisə ilk sertifikat şəxsən Oqtay Şirəliyev tərəfindən təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!