21 Fevral, 2011
Döyülən biləsuvarlı prezidentdən kömək istəyir

Biləsuvar rayon sakini Xanəli Məmmədovun həmyerlisi Xanbaba Əliyevin oğlanları tərəfindən vəhşicəsinə döyülməsi haqda məlumat vermişdik.

Zərərçəkmişin göndərdiyi şikayət məktubunda qeyd olunmuşdu ki, Rayon Polis Şöbəsinin müstəntiqi Tahir Şahbazov baş vermiş hadisəyə qeyri-obyektiv yanaşıb və işə düzgün baxılması üçün 800 manat rüşvət istəyib. Hətta bu yazıdan sonra müstəntiq rayonda “Yeni Müsavat” qəzetini köşklərdən yığışdırmışdı.

Şikayətçi yenidən redaksiyamıza məktub ünvanlayıb. Bildirib ki, ona qarşı törədilən cinayət işini araşdırılması üçün Biləsuvar Rayon Məhkəməsinin hakimi Azər Səmədovun icraatından alınıb, ibtidai istintaq qaytarılsın: “Daxili işlər naziri və baş prokurora müraciət edirəm ki, mənə kömək etsinlər. Ötən ilin sentyabrında  məni döyüblər. Ancaq indiyə qədər cinayətkarlar məsuliyyətə cəlb olunmayıb”.

Məktubda qeyd olunub ki, zərərçəkmiş Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsinin rəisinin qəbulunda olub. Ancaq görüşdən sonra heç bir nəticə olmayıb: “Ölkə prezidentinə müraciət edirəm ki, rüşvət alaraq cinayəti ört-basdır etmiş müstəntiq Tahir Şahbazov barədə cəza tədbirləri görülsün”.

Qeyd edək ki, Xanəli Məmmədovun qanına qəltan edilməsinə səbəb onun həmyerlisindən polisə şikayət etməsi olub. X.Məmmədova məxsus əkin sahələrinə X.Əliyevin mal-qarasının tez-tez girməsindən təngə gələn fermer polisə şikayət edib və bundan qəzəblənən X.Əliyevin oğlanları onu rayonun mərkəzində döyüblər. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!