19 Fevral, 2011
ƏVVƏLKİLƏRİN “APARICI” ÜSYANI

İKİ NƏSİL ARASINDA FİKİR MÜXTƏLİFLİYİ VƏ UYĞUNLUĞU 

Bütün cəmiyyətlərdə nəsillər arasında fikir ayrılıqları olub və olur. Əvvəlki nəslin nümayəndələri indiki nəslin nümayəndələrini, qarşılıqlı olaraq indikilər də əvvəlkiləri zaman- zaman tənqid atəşinə tutub. 
Bir sözlə, “atalar və oğullar” problemi daimidir. Azərbaycanda isə bu problem daha kəskin şəkil alıb. İki ayrı-ayrı nəslin təmsilçiləri olan televiziya aparıcıları arasında apardığımız sorğu qənaətimizdə yanılmadığımızı bir daha göstərir. Bir məqam isə xüsusilə diqqət çəkir: indiki televiziya aparıcıları sələflərini özlərini məktəb hesab edirlər.

“İndiki aparıclar efirdə ancaq qışqırırlar”


Azərbaycan Teleradio Verilişləri Şirkətinin direktoru olan Ofelya Sənani indiki aparıcıları qüsurlu danışmaqda və açıq-saçıq geyinməkdə suçlayır:
-Özəl kanallarda işləyən çox aparıcıların geyimi, davranışı xoşuma gəlmir. Vurğular yerində deyil. Aparıcı aparıcıdır. Səhnədə sarafan geyinmək olar, ancaq efirdə, studiyada bunu etmək olmaz. İndiki aparıcıların çoxu efirdə açıq- saçıq geyinir, operator da onun açıq-saçıq yerlərini çəkib efirə verir. Belə olmaz, ayıbdı. Əvvəllər belə şey yox idi, danışığa, səlis nitqə önəm verirdilər. İndiki aparıclar isə efirdə, yaxalarında mikrafon ola-ola qışqıra-qışqıra danışırlar. Heçnə başa düşmək olmur. Adama deyərlər, a bala niyə qışqırırsan? Onsuz da indi insanların əsəbi yerində deyil, bir az da bunlar korlayırlar. Televiziyalarda reytinq məsələsini heç bəyənmirəm. Reytinqə görə, belə eləmək doğru deyil.

“Səviyyəli, nitqi təmiz olan aparıcı efirə reytinq gətirmir”


“Mədəniyyət” kanalının aparıcısı Səxavət Nurullayev efirdə fərqlənməyin vacibliyini vurğulayır:
-Diktor ona verilən mətni olduğu kimi oxuyandı. Diktor redaktordan asılıdır. Aparıcı isə belə deyil. Təbii ki, aparıcı üçün ən vacibi nitqinin səlisliyi və görünüşdü. Ancaq düzünə qalsa, özəl kanllar reytinq gətirməyən aparıcıdan qaçırlar. Nə qədər acı da olsa da, bu həqiqətdir ki, səviyyəli, nitqi təmiz olan aparıcı efirə reytinq gətirmir. Fərqlənmək çox vacibdir. Hətta kanal özü də maraqlıdır ki, aparıcı fərqli imicə malik olsun və reytinq gətirsin.

“İndiki aparıcılar özlərini çox pis ararırlar”


Aztv-də 64 il diktor kimi çalışan Züleyxa Hacıyeva bir çox aparıcıların özlərini apara bilməmələrindən narazıdır:
-Onlar orta məktəbi bitirən kimi aparıcı olurlar. Çoxunun məntiqi vurğudan, tələffüz qaydalarından xəbəri yoxdur. Guya müasir dövrdə yaşadıqları üçün açıq saçıq geyinirlər. Axı etika da var. Az qala efirə lüt çıxalar. Belə geyinmək olmaz. Köhnə diktorlar bizim mentalitetə yaxın idilər, indikilər yox.

“İndiki aparıcılar əvvəlkilərdən yalnız müasirliklə fərqlənir”


ATV kanalında yayımlanan “ATV maqazin” verilişinin aparıcısı İlkin Həsəni keçmiş diktorları məktəb hesab edir:
- O dövrün diktorlarından öyrənib hamı, onu inkar etmek olmaz. Onlar bizim üçün bir məktəb olublar. Uşaqlıqdan biz onlara baxmışıq, izləmişik, bəzilərini isə ideallaşdırmışıq. Lakin bir şeyi də inkar etmək olmaz ki, o vaxtkı dövrün senzurası, onları bir az qapalı və standart edib. Şou tipli verilişlərdə və konsertlərdə belə, onlar sanki xəbərlər aparır. Lakin diktor ayrı, aparıcı ayrı şoumen isə tamam ayrı bir anlayışdır. Bizdə onları qane etməyən çox şeylər var. Fikirlərimizi açıq-aydın şəkildə biruzə verməyimizdən tutmuş, geyimlərimizə kimi. İndiki aparıcılar da onlardan yalnız müasirliklə fərqlənir.

“İndi hər şey dəyişib”


Teleaparıcı Nərgiz Cəlilova maarifləndirmə xarakterli verilişlər olmasının tərəfdarıdır:
-Məni aparıcıların səviyyəsi qane etdi, etmədi bu heç nəyi dəyişmir. Televiziya həmişə cəmiyyətdən bir addım irəlidir. Televiziyada işləyən aparıcı da hər zaman cəmiyyətdən bir addım irəlini düşünməlidir. İndiki aparıcıların nə günahı var? :”Bu televiziyanın günahıdır. İndi hər şey dəyişib. Televiziya həm əyləndirməyi, həm də maarifləndirməyi bacarmalıdır. Dünya ölkələrində əyləncəli verilişlər belə, cəmiyyətə hər hansı formada ismarıc verir. Amma bizdə bu bayağıdır.

“Sərbəst olsalar da, bir o qədər də aparıcılarda nitq mədəniyyəti yoxdur”


Gəncə Kəpəz televiziyasında “Femida” verilişinin aparıcısı Məftunə Əlizadə aparıcı üçün nitq mədəniyyətinin vacibliyindən danışır:
-Hər dövrün öz maraqları, tələbləri, eləcə də çatışan və çatışmayan cəhətləri var. Ötənləri bəyənmədiyimizi desək, düz olmaz. Adama deyərlər ki, tısbağa çanağından çıxdı, çanağını bəyənmədi. 10 il əvvəli indiki texnologiya yox idi, müasir dövrümüzdəki kimi efir sərbəstliyi də verilmirdi. Amma ən azından efirin simaları nitq mədəniyyətinə yiyələnmişdilər. Onların leksikologiyadan, dilçiliyin müəyyən kriteriyalarından, orfoqrafiya və orfoepiyadan, eyni zamanda, bədii ifadə vasitələrinin yerində işlənməsindən xəbərləri var idi. Bu gün isə əksinə, nə qədər sərbəst olsalar da bir o qədər aparıcılarda nitq mədəniyyəti yoxdur. “Efir mədəniyyəti” anlayışını Azərbaycanın efir məkanında anlayan nə qədər aparıcı var? Yəqin ki, barmaqla saya bilərik. Buna görə də ötənlərimizdən öyrənəcəyimiz çox şey var. Amma, müasirliyi başqa cür anlamamaq şərtilə.

“İndi yaxşıların yaxşısı nədənsə gözə dəymir”


Xəzər TV-də yayımlanan “İqtisadi Baxış” proqramının keçmiş aparıcısı Pəri Ağayeva deyir ki, aparıcı ona lazım olan hər şeyə sahib olmalıdır :
-Aparıcı deyəndə, ilk ağıla gələn xarici görünüşdür. Çoxlarına görə aparıcı kişidrisə yaraşıqlı , xanımdırsa gözəl olmalıdır. Şou proqramlar üçün bu hardasa vacib olsa da, iqtisadi, siyasi və digər proqramlarda aparıcının xarici görnüşündən çox onun intelekti əhəmiyyət kəsb edir. Aparıcı və ya diktor üçün az da olsa məlum qəlib var. Aparıcı proqramın formatına uyğun gələn o qəlibə oturmalıdır. Aparıcı səmimi, mədəni, xoşagəlimli, xanımdırsa əsil xanım, bəydirsə əsil centilimen olmalıdır. Xaraktercə qapalı, soyuqqanlı deyil, səmimi, yeniliklərə açıq olmaq da vacibdir. Çünkü efirdə xarakter istər- istəməz ekrana yansıyır. Qüsursuz nitq, səlist danışıq vacibdir. Əvvələr Azərbaycan kanalarında nitqə önəm verilsə də, bədən dili anlayışı demək olar ki olmayıb. İzləyici hər zaman mavi ekranda hərəkətsiz aparıcı görüb. Dünya kanalarını izləmək imkanının geniş olduğu hazırkı dövrdə rəqabət də getdikcə güclənir . Belə bir bazarda var olmaq üçün yaxşıların yaxşısı olmalısan ki, izləyicini itirməyəsən .

“Onlar diktor zirehi arxasından öz insani keyfiyyətlərini də göstərə bilirdilər”


Keçmiş televiziya aparıcısı İlhamiyya Rza indiki aparıcılarda müsbət keyfiyyətlərin aşağı olduğu qənaətindədir:
- Aparıcılıq həm diktor, üstəgəl yaradıcı, kreativ, düşünən insan tipi olmalıdır. Əvvəlki diktor və indiki aparicilar yoxdur. Bunlar həm mahiyyət, həm də formaca fərqlənirlər. Diktor şəxsiyyəti tam inkar edən bir peşə idi. Onun ancaq diksiyasi və görünüşü olmalı idi. Onlardan hər hansı bir formada özünü insan olaraq ifadə etmək tələb olunmurdu. Hətta bunun qarşısı da alınırdı. Bu gün bizim sevdiyimiz diktorlar Rafiq Hüseynov, Roza Tağıyeva, Ofeliya Sənani, Şərqiyyə xanım və.s bunlar bu və ya digər dərəcədə məhz ona görə sevilirdilər ki,. İdealda necə olmalıdırsa, onu nəzərdə tuturam. Hamısını demirəm, amma indi aparıcı deyilənlər aparıcı deyillər.

“Xəbəri təqdim edəni çərçivəyə salmaq düzgün deyil”


ATV kanalında “Həftə sonu” xəbərlər proqramının aparıcısı Vaqif Aydınoğlu xəbər aparıcısının efirdə canlılıq yarada bilməsi vacibliyini önə çəkir:
-Əvvəlki diktorlar bizim üçün hər zaman bir məktəb olub. Onlara baxıb öyrənmişik. Amma bir məsələ var ki, onlar xəbəri çox sönük təqdim edirdilər. Belə xəbərlər tamaşaçılarda cansıxıcılıq yaradır. Günümüzün xəbər təqdimatı isə əksinə aparıcıdan həyacan, dirilik tələb edir. Xəbər hər saat, hər dəqiqə inkişafda olan proses olduğundan, onu təqdim edəni də çərçivəyə salmaq düzgün deyil. Xəbərin təqdimatında aparıcı bir qədər canlılıq yaratmağı bacarmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!