19 Fevral, 2011
Sabah bakalavrların imtahanıdır

Bakı, Gəncə, Lənkəran və Naxçıvanda keçiriləcək magistratura imtahanlarında 16510 bakalavr iştirak edəcək

Sabah 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarının ilk mərhələsi keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Simsar.az-a bildiriblər ki, Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaq imtahanlar eyni vaxtda – saat 14.00-da başlayır. İmtahanlarda iştirak etmək üçün 16510 bakalavrın ərizəsi qeydiyyatdan keçərək təsdiq olunub. 


Xatırladaq ki, magistraturaya ərizələrin qəbulu yanvarın 25-dən fevralın 7-dək davam edib. İmtahanların birinci mərhələsində bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!