19 Fevral, 2011
Azərbaycanın sığorta şirkəti “Atəşgah” jurnalistlər üçün müsabiqə elan edir

Azərbaycanın sığorta bazarının lider şirkətlərindən biri – "Atəşgah" SŞ peşəkar jurnalistlər üçün "İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti" mövzusunda ən yaxşı yazı müsabiqəsi elan edir. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Müsabiqə 16 fevral 2011-ci il tarixindən 2 mart 2011-ci il tarixinədək davam edəcək.

Müsabiqəni keçirməkdə məqsəd ən yaxşı jurnalist işlərinin təşviqi və seçimi, mətbuat nümayəndələrinin peşəkar səviyyəsinin yüksəldilməsi, cəmiyyətin diqqətini "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna yönəltmək və bu sahədə maarifləndirmə işinin aparılmasıdır.

Müsabiqə 2 nominasiyada keçirilir:

- Ən yaxşı məqalə
- Ən yaxşı müsahibə

Hər iki nominasiya üzrə ən yaxşı yazı müəllifləri "Atəşgah" sığorta şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Hər müəllif bir neçə yazı təqdim edə bilər. Artıq çap olunmuş işlər müsabiqəyə qəbul olunmayacaq.

Müsabiqənin qalibləri 7 mart 2011-ci il tarixində "Atəşgah" SŞ-nin baş ofisində keçiriləcək tədbirdə elan olunacaq.

Azərbaycan və rus dillərində yazılacaq jurnalist işləri informasiya dolğunluğu, obyektivlik, problemin işıqlandırılması səviyyəsi kimi kriteriyalarla qiymətləndiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!