27 Noyabr, 2013
Burdakı kitablar mikroskopla oxunur – REPORTAJ - FOTOSESSİYA

Burda istənilən kitabı tapmaq mümkündür. Amma gördüyümüz kitabxanalara bənzəmir. Burdakı kitablar o qədər balacadır ki, ovuca yerləşir. Onlar arasında lupa, hətta mikroskopla oxunanları var. Belə nəşrlər Miniatür Kitab Muzeyində saxlanılır.

İçərişəhərdə Şirvanşahlar Sarayının yanında, 10 ildir fəaliyyət göstərən muzeyin yaradıcısı və təsisçisi Zərifə Salahovadır. O, buranın dünyada yeganə miniatür kitab muzeyi olduğunu deyir: “Miniatür kitab həvəskarları var. Amma miniatür kitabların muzeyi yalnız Azərbaycandadır”.
Muzeyin kolleksiyasında 71 ölkədən gətirilən 6700-dən çox kitabdan 5250-i sərgilənir. 2002-ci il aprelin 23-də açılan muzeydə Zərifə xanımın 30 ildə yığdığı kitablar toplanıb. Muzeyin təsisçisi kolleksiyasının fotmalaşma tarixcəsindən danışır. Bildirir ki, muzeyin ilk eksponatı 1982-ci ilin noyabrında alınıb: “Krılovun təmsillərinin kiçikformatlı nəşrini 23 rubla aldım. Kitabsevərlər cəmiyyətinin yolu ilə Moskvaya tez-tez gedirdim, ordan miniatür kitablar gətirirdim. Ölkədə miniatür kitab kolleksionerləri ilə əlaqə saxlayırdım. Onlarda olmayan kitabları ora göndərirdim, onlar da məndə olmayanları bura göndərirdilər”. Muzeydə dünyanın bütün ölkələrindən istənilən sahəyə aid kiçikformatlı kitablar görmək olar. Onlardan bəzilərini təsisçi özü çap etdirib. Ekspozisiyada nümayiş olunanlar arasında xaricdən gətiriləni, hədiyyə olunanı da var. Orda olduğumuz ərəfədə ziyarətçilərdən biri muzeyə İzmirdən göndərilən miniatür kitablar hədiyyə etdi. Zərifə xanım deyir ki, muzeyə gələnlər bura kitab hədiyyə etməyi özlərinə borc bilirlər.

Bu kitabların ölçüsü 2 millimetrdir

Muzeydə müxtəlif ölkə başçılarının çıxışlarını kitab şəklində görmək mümkündür. Heydər Əliyevin imzası olan, onun 1993-cü ildə andiçmə mərasimindəki çıxışı, İlham Əliyevin, ABŞ-ın keçmiş prezidenti Kennedinin çıxışları, həmçinin Belarus prezidenti Lukaşenkoya, Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid kitablar da sərgilənir. Eksponatlar sırasında Fidel Kastro haqqında rus və ispan dillərində kitablara da rast gəlmək olar. Zərifə xanım bildirir ki, həmin kitabın təqdimatı keçən il avqustun 23-də Fidel Kastronun 85 illiyi münasibəti ilə Havanada keçirilib.
Zərifə xanım həmin bölmədə yer alan “Əsrin müqaviləsi” kitabını da göstərir. Deyir, bu, neft strategiyası ilə bağlı nəşr olunan ilk kitab kimi tarixə düşüb. Muzeydə Leninə, Stalinə, Çörçilə aid miniatür kitablar da tapmaq mümkündür. Vitrinlərdən birinə dini miniatür kitablar düzülüb. Həmin sırada Quran, İncil, Buddizm, Tövrat və başqa dini nəşrlər sərgilənir. Səudiyyə Ərəbistanından gətirilən XVII əsrdən qalma iki Quran muzeyin ən qədim eksponatıdır. Həmin kitabların üz qabığı dəmirdən, qabı isə dəridəndir.
Muzeydə “sırğa kitablar” maraqla qarşılanan eksponatlar sırasındadır. Moskvadan gətirilən bu kitablarda rus, ingilis dillərində atalar sözləri və məsəllər dərc olunub. Zərifə xanım bildirir ki, miniatür kitabların formatları müxtəlifdir. Sovet dövründə ən böyük format 100x100 millimetr idisə Avropa standartlarında 76x58 millimetrdir. Sonra diqqətimizi ilk baxışdan görünməyən mikro-kitablara yönəldir: “Bunlar muzeyin ən balaca eksponatlarından olan nadir nüsxələrdir. Yaponiyanın “Toppan” nəşriyyatında çap olunub. Ölçüsü 2 millimetrdir”. 16 səhifəlik mikro-kitablardan biri “Çiçəklərin əlifbası”, biri “Qiymətli daşların rəmzləri”, digəri isə “Zodiak işarələri”dir. Kitabların hər səhifəsində 50-dən 100-ə qədər hərf var.

Muzey uşaqlara kitabı sevdirib

Muzeydə olarkən ABŞ-dan, Yunanıstandan, İngiltərədən gələnlər, həmçinin məktəblilər və tələbələr balaca kitabların sıralandığı vitirinləri maraqla gözdən keçirirdilər. Ziyarətçilərdən biri-ABŞ vətəndaşı Fidel Karsa işi ilə əlaqədar Bakıya gəlib. O, burada 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında Cenifer Lopezin konsertini izləyib. Boş vaxtlarında Azərbaycanın tarixi yerləri ilə tanış olmaq istəyini dilə gətirir. Miniatür Kitab Muzeyi barədə isə internetdə məlumat alıb və buranı ziyarət etmək qərarına gəlib: “Muzeyi çox bəyəndim. Yaşadığım Kaliforniyada belə yer yoxdur. Mənim üçün yenilikdir. Belə muzeyin müxtəlif ölkələrdə olmasını istərdim”.
Muzeyin bir guşəsində Sovet məkanında çap olunan kitablar, başqa bir tərəfində isə müxtəlif ölkələrin kitabları sıralanıb. A.S.Puşkinin sağlığında (1837-ci ildə) çap olunan “Yevgeni Onegin”, “Kapitan qızı” kitabları, “Aşıq Qərib” dastanı (1892-ci il), A.Çexov, F.Dostoyevski, M.Lermontov, Balzak, Robert Börns, Cek London və Mopassanın əsərlərini görmək olar.
Muzeydə həmçinin, Azərbaycan ədəbiyyatının klassikləri, tanınmış bəstəkarları, rejissorları, aktyorları, rəssamları haqqında rus dilində kitablar yer alıb. Zərifə xanım bu kitabların 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunduğunu söyləyir. Onun sözlərinə görə, Sovet dövründə miniatur kitablar yalnız Moskvada və Permdə çap olunurdu. Kitabların rus dilində hazırlanmasının səbəbi SSRİ-yə daxil olan ölkələrə Azərbaycan ziyalılarını tanıtmaq olub.
Rəflərdən birində Şekspirin XIX əsrdə Londonda çap olunmuş 40 cilddə əsərləri yer alıb. Bildirilir ki, Şekspirin əsərlərinin 1841-ci ildə çap olunmuş 40 cildindən 24-ü Azərbaycandadır.
Rəflərdə balaca ziyarətçilərin muzeyə hədiyyə etdikləri əl işləri də diqqəti çəkir. Bu bölməyə çatanda Zərifə xanım gülümsəyərək uşaqların hazırladıqları mini kitablardan şeirlər oxuyur: “Bax, mənə şeir yazıblar. Demək ki, muzey uşaqlara kitabı sevdirib”. Uşaqların bura göndərdiyi şeirlər rus dilindədir. Zərifə xanım Azərbaycan bölməsində oxuyanların muzeyləri gəzməyə maraqlı olmadığını təəssüflə qeyd edir: “Gərək müəllimlər də, valideynlər də uşaqları gətirsin. Çoxları bəlkə də qiymətdən çəkinir. Təklif edirəm ki, muzeylər heç olmasa uşaqlar üçün pulsuz olsun”.

Muzeyə giriş pulsuzdur

Miniatür kitablar həm də beynəlxalq sərgilərdə nümayiş etdirilir. Muzey çərşənbə axşamı, çərşənbə, cümə, şənbə və bazar günləri, saat 11:00-dan 17:00-a qədər işləyir. Giriş pulsuzdur. Bütün xərcləri təsisçi özü ödəyir: “Tez-tez soruşurlar ki, niyə bilet satmırsız. Bu, uzun prosesdir. Gərək Maliyyə Nazirliyindən bilet götürüm. Həmin biletin çap pulunu verim. Biletləri satmaq üçün əlavə işçi götürməliyəm. Onun bileti cırıb-cırmadığına nəzarət etməli, hesabat verməliyəm. Bütün bunlar qarışıq işdir. Ona görə də bütün xərcləri özüm ödəyirəm”.
Miniatür Kitab Muzeyində ziyarətçilərin statistikası da aparılır. Açıldığı gündən bu günə qədər muzeyin 144159 nəfər ziyarətçisi olub: “Bir gün İçərişəhərin müdiri YUNESKO-nun ekspertini bura göndərib ki, gəlsin baxsın, həm də məsləhətlər versin. Ekspert gəldi və soruşdu ki, siz bilet satmırsız, onda necə qeydiyyat aparırsız? Qeydiyyat jurnalını ona göstərəndə dedi: gərək YUNESKO sizdən öyrənsin”.

“SİMSAR” jurnalı

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!