18 Fevral, 2011
Azərbaycanın siyasi partiyası Ermənistan QHT-ləri ilə razılaşma imzalayıb
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev

Azərbaycan Yaşıllar Partiyası (AYP) Gürcüstan Yaşıllar Partiyası və Ermənistanın qeyri-hökumət təşkilatları ilə “Regionun dayanıqlı inkişafı naminə Azərbaycan, Gürcüstan və Ermənistan siyasi partiyaları, QHT-ləri arasında razılaşma” imzalayıb.

AYP sədri Mais Güləliyev APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, regionda sülhü təmin etmək, ekoloji problemlərin həllinə nail olmaq və uzunmüddətli dayanıqlı inkişafı təmin etmək məqsədilə Koordinasiya Mərkəzi yaradılıb: “Görüşlər 11, 12 və 13 fevral tarixlərində Tiflisdə keçirildi. Müqavilə sənədini Gürcüstanın Yaşıllar Partiyası və QHT-ləri, Ermənistandan bir neçə QHT, Azərbaycandan isə Yaşıllar Partiyası olaraq mən imzaladım. Həmin sənədin əsas ideyası ondan ibarətdir ki, qlobal dünyada baş verən hadisələr, xüsusilə enerji sistemi, ekoloji və ərzaq problemi hazırda hər bir ölkənin qapısının kandarında dayanıb. Bu qlobal təhlükələr həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün vacib problemdir, bölgədə təhlükəsizliyə, dayanıqlı inkişafa ciddi təhdidlər yaradır. Ona görə də bu problemlərin həlli istiqamətində üç ölkənin siyasi partiyaları və QHT-ləri səyləri birləşdirmək qərarına gəlib. Bundan başqa, sənəd bir şeyə də diqqəti yönəldir ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsi, regional konfliktlərin dinc yolla həlli üçün bu ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri və siyasi partiya təmsilçiləri bir araya gəlib səylər göstərirlər”.

Aprelin əvvəlinə qədər müqavilə imzalamış tərəflər Strateji Fəaliyyət Planı hazırlayacaq. Plan qarşıdakı 5 il üçün nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!