17 Fevral, 2011
Bakıda Azərbaycan və Kuba xarici işlər nazirləri arasında görüş keçirilib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Kuba arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Təhsil sahəsində Azərbaycanla Kuba arasında SSRİ dövründən əməkdaşlığın aparıldığı bildirilərək bir çox kubalı tələbənin Azərbaycanın texniki və neft-qaz sahəsində ixtisaslaşan təhsil müəssislərində oxuduqları və məzun olduqları qeyd edilib. 

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq ifadə edən B. R. Pariya isə Kubaya embarqo tətbiq edilməsi ilə bağlı BMT-də keçirilən səsvermədə Azərbaycanın tutduğu mövqeni yüksək qiymətləndirərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzulayıb. O, Azərbaycanın dinamik inkişafının şahidi olduğunu söyləyərək Kubanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Kubalı qonaq tibb, turizm, energetika və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!