17 Fevral, 2011
Milli Məclisin Komitə sədri: “Korrupsiyaya qarşı mübarizənin qısamüddətli kampaniya olması ilə bağlı fikirlər əsassızdır”

APA-ECONOMICS. «Bu gün korrupsiyaya qarşı mübarizə günün tələbindən irəli gəlir. Son günlər görülən tədbirlər, korrupsiyanın qarşısının alınması ilə bağlı şahidi olduğumuz addımlarla biz bu vəziyyətlə barışmadığımızı bildiririk».

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əli Hüseynli son günlər ölkədə korrupsiyaya qarşı atılan addımları «APA-ECONOMICS»ə şərh edərkən belə deyib.

Əslində Azərbaycanda korrupsiya ilə mübarizənin bu günə qədər də aparıldığını deyən komitə sədri bildirib ki, ölkənin sürətli iqtisadi inkişafı bu sahədə əlavə tədbirlərə ehtiyac yaradır: “Etiraf etmək lazımdır ki, bizim ölkə çox sürətlə inkişaf edir. Təcrübə də göstərir ki, həmişə ən çox korrupsiya inkişaf etməkdə olan ölkələrdə olur”.

Ə.Hüseynlinin sözlərinə görə, ölkənin maliyyə imkanlarının artması da korrupsiya elementlərinin ortaya çıxmasına səbəb olub: «Biz həmişə başa düşürdük ki, ölkəyə böyük maliyyə axınının olması, ümumiyyətlə, ölkənin maliyyə imkanlarının artması korrupsiya elementlərini artırır. Üstəgəl, müxtəlif sahələr çox sürətlə inkişaf edir və bəzən bu inkişafın özü də müəyyən sahələrdə, məsələn, inzibati, yoxlama, müfəttişlik və s.-də korrupsiya elementləri yaradır. Amma bu pozuntular bizim inkişaf mərhələmizə və qarşıya qoyduğumuz məqsədə, müasir dövlət anlayışına uyğun gəlmir. Bu gün həyata keçirilən işlər də bununla bağlıdır, yəni yeni bir sistemə keçid olmalıdır».

Ə.Hüseynli son günlər atılan addımların - bəzi kadr dəyişikliklərinin, qanunvericiliyə edilən dəyişikliklərin qısamüddətli kampaniya olması ilə bağlı fikirlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, söhbət korrupsiyaya qarşı kompleks işlərdən gedir: «Əgər bizdə təkcə inzibati və cinayət tərkibi halları olsaydı, onda deyilərdi ki, bu, hansısa kampaniya xarakteri daşıyır. Bəzi ölkələr bunu ediblər. Bizdə isə korrupsiyaya qarşı müxtəlif kompleks tədbirlər görülür».

Millət vəkili qeyd edib ki, ölkədə korrupsiya ilə bağlı nəzərdə tutulan dəyişikliklər inzibati tədbirləri, dövlət idarəçiliyi sistemində islahatları, qanunvericiliyi əhatə edir və ümumilikdə pozuntuların qarşısının alınmasına, şəffaflığın artırılmasına xidmət edir: «Yəqin izləyirsiniz ki, vaxtilə prezidentin özünün imzaladığı dövlət proqramları, fərmanlar və s. sənədlərin tətbiqi ilə bağlı yeni hüquqi normativ aktlar qəbul olunur. Bunların hamısı qanunvericilikdə dövlət orqanlarının, inzibati orqanların fəaliyyətində şəffaflığa xidmət edəcək, pozuntu hallarının qarşısını almağa xidmət edəcək. Bunlar birbaşa vətəndaşların marağındadır».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!