17 Fevral, 2011
MOK vitse-prezidenti idmanımızdakı neqativ halları açıqladı

“Hazırda bütün respublikada korrupsiya və saxtakarlıq hallarına qarşı mübarizə aparılır. Azərbaycan idmanında da “lipa” deyilən bir anlayış var. İdmançıların yaşları ilə bağlı fırıldaqlıqlar edilir”.

Bu fikirləri Lent.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. 

Hüseynzadənin sözlərinə görə, belə halların qarşısı alınmalıdır. Onun fikrincə, federasiyalar da bu sahədə işlər görməlidirlər. MOK rəsmisi bildirib ki, Azərbaycan idmanı sistemində keçmiş SSRİ-dən qalmış müxtəlif mənfi hallar hələ də durur: “Məsələn, rayonlarımızda məşqçilərin adları siyahıda var, özləri isə yoxdur. Yaxud da kağız üzərində yazırlar ki, rayonlarda guya bütün idman inkişaf etdirilir. Gedirsən, görürsən ki, belə şey yoxdur. Yəni, bu cür mənfi hallar var, indiyədək qalıb. Bunlara qarşı mübarizə aparmaq, bu məsələləri həll etmək lazımdır”.

Hüseynzadə bildirib ki, idmandakı neqativ hallara qarşı toplantı keçirmək MOK-un yox, Gənclər və İdman Nazirliyi ilə federasiyalar, klubların işidir. O, belə toplantının olacağına əminlik ifadə edib: “İdman - bir qədər spesifik sahədir. Toplantı xatirinə toplantı keçirmək olar. Amma burada məsələ tamam başqa cürdür. Tutaq ki, polis, təhsil, səhiyyə sistemində olan neqativ hallar vətəndaşın əleyhinə yönəlibsə və bunlara qarşı mübarizə gedirsə, idmanda vətəndaşın əleyhinə yönələn mənfi hal yoxdur. Əksinə, vətəndaşın özü bu saxtakarlığı edir. Ata gedir oğlunun vəsiqəsini dəyişir. Yəqin ki, biz də yığışarıq, söhbət edərik. Düzdür, bu, əsasən, dövlət strukturlarının, Gənclər və İdman Nazirliyinin işidir. MOK bununla məşğul olmur. Yəqin ki, toplantı keçirəcəklər də”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!